İslamın əhkam və qanunları ictimai həyat üzərində qurulmuşdur. Çünki insan ictimai bir varlıq olaraq yaradılmışdır. Ona görə də insanın cəmiyyətdəki həyatı dinimizin ən mühüm mövzularından biridir.
Həzrət Peyğəmbər (s) daima buyurardı: "İslam dinində rahiblik yoxdur".
Cəmiyyətdən uzaq olmaq dinimiz tərəfindən bəyənilməyən işlərdəndir. Lakin dinimiz bəzən bizlərə özümüzlə xəlvət etməyi də tövsiyə edir. Zahirdə yuxarıdakı deyilənlərlə təzad təşkil etsə də, ancaq əslində insanın cəmiyyətdəki həyatının möhkəmlənməsinə qulluq edər.
Çünki bir insanın əxlaqı, yəni fəzilət və rəzil sifətləri cəmiyyətdə formalaşar. Cəmiyyət olmadan heç bir əməlin yaxşı və pis olması məna kəsb etməz. Lakin bununla belə, insan cəmiyyətin hay-küyünə o qədər özünü məşğul edir ki, özünü unudur, nəfsini hesaba çəkməyi unudur. Yəni, insan çox şeydən qafil olur.
İslam qanunlarının əsl hədəfi - insanı dünya və axirət səadətinə çatdırmaqdır. Yəni, insan öz əxlaqi fəzilətlərini cəmiyyətdə artırdıqca, həm də öz nəfsini hesab çəkməsi üçün fürsəti də olmalıdır. Həyatda nə üçün yaşadığını unutmamalıdır. Əgər bu ikisi bir yerdə cəm ola bilsə, o zaman insan səadətə çata bilər.
Quran ayələrində də insanın xəlvətə çəkilib nəfsini hesaba çəkməsi ilə bağlı çoxlu ayələr bəyan edilmişdir. Allah Təala buyurur ki, gecəni oyaq qalaraq ibadət et.
"Və gecənin bir hissəsini onun üçün - (yalnız) sənə əlavə bir vəzifə olan (Qur'an oxumaq və gecə nafiləsini qılmaq) üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama (şəfaət məqamına)qaldırsın". ("İsra" 79).
Etikaf da insanın xəlvətə çəkilib özünü hesaba çəkməsinə aid ibadətlərdən biridir. İnsan qısa müddətə də olsa, həyatın gündəlik məşğuliyyətlərindən uzaq olaraq Allahı ilə xəlvət edər. Həyatı və özü haqqında təfəkkür edər. Necə də gözəl olar ki, insan özünü Allaha aid olan yerdə hesaba çəksin. Belə yerdə edilən tövbələr də qəbul olar.
Bəli, məscidlər yer üzərində olan Allah evləridir. Allah Öz evini ona pənah gətirənlər üçün pak qərar vermişdir. "Və (yadınıza salın)o zaman(ı) ki, Biz bu Evi (əzəmətli Kə'bəni) insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik və (dedik): "İbrahim məqamından (onun arxasından, ya sağ və ya sol tərəfindən) namaz üçün bir yer seçin. Və İbrahim ilə İsmailə tapşırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün pak-pakizə edin". ("Bəqərə" 125).
Peyğəmbərimiz (s) də etikaf əməlinə xüsusi diqqət edərdi. İmam Sadiq (ə) buyurur: "Bədr döyüşü Ramazan ayında olmuşdu. Peyğəmbər (s) etikaf edə bilmədi. Ona görə də gələn ili 20 gün etikaf etdi, on günü həmin il üçün, on günü də keçən il üçün".
Ramazan ayının son on günü də etikaf əməli üçün ən münasib zamanlardandır. Müsəlman gərək bu fürsətdən istifadə edərək, əməllərinə bir nəzər salsın və təfəkkür etsin. Tövbə etməyə nail olsun.