Allah insan fitrətinə ədaləti istəmək, haqqa can atmaq, insaf, mərdlik, dostluq, mərhəmət, Allaha pərəstiş etmək, yaxşılığa və fəzilətə meyil etmək və bir çox belə müsbət keyfiyyətlər qoymuşdur.
Ancaq insan özünü tanıdıqdan sonra bəzi rəzil sifətlər onu əhatə edər. O cümlədən: təkəbbür, paxıllıq, kin, rahatlığını düşünmək, özünə sitayiş... və bu kimi. Bu sifətlər onu paklıqdan uzaqlaşdırar və rəzilliyə tərəf çəkər. Əgər insan pak qala bilərsə - o, təqva əhli olar. Yox, əgər bu rəzil sifətlər ona nüfuz etməyi bacararsa - günah əhli olar.
Bəs günah insanın başına hansı bəlaları gətirə bilər?
Allah Təala Quranda buyurur: "Sizə yetişən müsibətlər, özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir". ("Şura" 30).
Günahın insana gətirdiyi bəlaların bəzisi ilə tanış olaq:
- Ümidsizlik.
- Qorxu.
- Duanın yerinə yetməməsi.
- Yaxşı insanların gözündən düşmək.
- Müxtəlif bəlaların nazil olması.
- Quraqlıq və qıtlıq, yağışın yağmaması.
- Ömrün qısa olması.
- Yoxsulluq.
- Zalımların ona hakim olması.
Bu dünya - axirətin tarlasıdır. Hər kim bu dünyada nə əkərsə, axirətdə də onu biçər. Günah insanın təkcə bu dünyasına təsir etməz. Əslində, günahın ən böyük təsiri - axirətdədir. Günah insanın axirətini bada verər və onu cəhənnəm əhlindən edər. Günahkar insan hər nə qədər zahiri tövbə etsə də, axirətdə onun bu tövbəsinin faydası olmaz. Gərək bu tövbə, onun vücudunu dəyişdirmək gücündə olsun.
"Bəli, (sizə, uzun sürən bir əzab gələcək, çünki) kim pis iş görsə və günahı (təkrar nəticəsində) onun bütün vücudunu(imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar". ("Bəqərə" 81).
"Və ona "Allahdan qorx!" deyilən zaman, təəssübkeşlik və qürur onu günaha vadar edər (və o, zalımcasına əksül-əməl göstərər). Buna görə də cəhənnəm ona kifayətdir və əlbəttə (o,) çox pis bir yerdir". ("Bəqərə" 206).