Allah-taala buyurur: "Mənim məhəbbətim o kəslərə vacib olur ki, Mənə xatir bir-birini sevərlər".
Yəni, bir-birinizi Allaha xatir sevməyə çalışın, Allaha xatir bir-birinizlə dostluq edin.
Quranın bizim üçün bir qaydası vardır ki, buyurur: "Beləliklə onlar (ümmətlər kitab və şəriətin nazil olmasının lap əvvəlindən bütün əsrlərdə öz alimlərinə tabe olub, din) işlərini öz aralarında parçalayaraq, firqə və dəstələrə bölündülər. Hər bir firqə əlində olana sevinir". ("Muminun" 53).
Yəni, futbolçular özlərinə görə, valeybolçular özlərinə görə, tacirlər özlərinə görə, sənət insanları özlərinə görə və əlllərində olanlara görə sevinərlər.
Ancaq bizlərin əksər hissəsi din dahilərinin arzularına malik ola bilmirik. Çünki maddi dünya bizi məşğul etmişdir. Onlar kimi Allaha xatir sevib, Allaha xatir düşmən olmaq arzusuna malik olmağı unutmuşuq.
Çünki məşğul olduğumuz işlər bizim həyatımıza böyük təsirlər qoyur. Əgər sənətimiz sırf dünya ilə bağlıdırsa, o zaman bu mənəvi arzular bizim üçün əlçatmaz olur.
Halbuki, Allah bizim hər birimizi sevir və bizə qarşı hamıdan daha mehribandır və bu, həqiqətdir. Çox təəssüf ki, bəzən bu həqiqəti unudur və qəflətə düşürük.
Əgər Allahın buyurduğu kimi, Ona xatir bir-birimiz sevsək, o zaman kin və küdurət, düşmənçiliklər gül və gülüstana çevrilər. Adəm övladı bir-birini sevməkdən və bir-birinə hörmət etməkdən başqa bir şey istəməz.