يَوْمَئِذٍ لَا تَنْفَعُ الشَّفَاعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَٰنُ وَرَضِيَ لَهُ قَوْلًا
"O gün ər-Rəhmanın izn verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir." (Taha, 109).
İzah: Bu ayədə ötən mövzuda bəyan olunan mətləb aydın ifadə olunmuşdur. Belə ki, Allah Qiyamətdə bəzi həqiqi bəndələrinə şəfaət icazəsi verəcək və şəfaətlərini qəbul edəcəkdir. Bu mətləb şiə inancına uyğundur.
Şiələr ilahi övliyaların şəfaətinin Allahın iradəsinin sıra boyunda olmasına və onun izni ilə gerçəkləşəcəyinə inanırlar. Rəvayətlərə görə, Qiyamətdə şəfaət izni veriləcək bəzi şəxslər bunlardır:
Peyğəmbərlər, onların canişinləri, mələklər, şəhidlər, Allahın əməlisaleh bəndələri, hətta Quran hafizləri və s. Şəfaət edənlərin və şəfaət olunanların şərtləri haqqında gələcək mövzularda söhbət açacağıq.
Hədis: İmam Sadiq (ə) və İmam Baqir (ə): "Allaha and olsun ki, biz şəfaət edəcəyik. Allaha and olsun ki, biz günahkar şiələrimizə şəfaət edəcəyik. Belə ki, düşmənlərimiz onları görüb deycəklər: "Bizə nə şəfaət edən var, nə də mehriban bir dost." (Təfsiri-Qumi, c. 2, səh. 123).