Dinə görə insan həyatının əsası bu dörd qayda üzərində qurulub ki bu sünnətlərin baş verəcəyi qaçılmazdır.
Hər bir insan həyatın qaçılmaz qaydaları, onun əsasını təşkil edən və labüd olacaq sünnətlərlə razılaşmalı, işlərini onlarla ölçüb biçməlidir.
İnsan bütün işlərini, həyat proqramını, hətta arzu və xəyallarını belə onların əsasında tənzimləməlidir. Yoxsa bu dünyadan ziyan görən insan kimi gedəcək.
Bəs insan həyatının o qaydaları hansılardır?
Əllamə Məclisinin Bəharul-Ənvar əsərində İmam Sadiqdən nəql etdiyi hədisdə həyatın əsasını təşkil edən 4 qaydadan və sünnətdən söz açılıb.
Hədisdə deyilir:
"İmama deyildi: İşlərini nəyin üzərində qurmusan? İmam buyurdu: Dörd əsasın üzərində: Bildim ki, edəcəyimi məndən başqası etməyəcək ona görə çalışdım etdim.
Bildim ki, Allah məni görüb, müşahidə edir, ona görə həya etdim (günah etmədim). Bildim ki mənim ruzimi başqası yeyə bilməyəcək, ona görə xatircəm və arxayın oldum. Bildim ki işimin sonu ölümdür, ona görə hazırlaşdım".
İmam bu hədisdə insan həyatının əsas 4 qaydasını ortaya qoyarkən, (hər bir qaydada) bilmək və elm faktorunu önə çəkir. Bu o deməkdir ki, insan həyatı, onun məna kəsb etməsi və hətta onun ibadətinin səmərəsi elm və bilməkdən asılıdır.