Zəqqum - Cəhənnəmdə bitib acı, zəhərli meyvəsi Cəhənnəmliklərə yediriləcək ağacdır. Ərəb dilində "şəcərətüz-zakkum" ("mənşəyi zəhər olan") adlanır.
Qurani-Kərim zəqqumu ümumiyyətlə "Cəhən-nəm xalqına əziyyət çəkdirən yemək" olaraq açıqlamışdır. Hədislərə görə, əgər Cəhənnəm zəqqumundan bir damla Yer üzünə damladılsa, insanların həyatını zəhər edər.
Qurani-Kərimdə Allah-Təala zəqqumun adını zikr edərək belə buyurur: "Onların yeməyi (zəhərdən də acı) zər`idən başqa bir şey olmayacaq" ("Ğaşiyə", 6)
"(Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (Cənnət) yaxşıdır, yoxsa (Cəhənnəmdəki pis qoxulu, meyvəsi zəhər kimi acı) zəqqum ağacı? Biz onu zalimlər (Cəhənnəm istisində heç bir ağac bitməz deyən kafirlər) üçün bir bəla (dərd) etdik.
O, elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (Cəhənnəm odunun içindən) çıxar. Onun meyvəsi şeytanların başı kimidir (olduqca çirkin və əcayibdir). Onlar (Cəhənnəm əhli) Ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar. Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır" ("Səffat", 62-67).
"Həqiqətən (Cəhənnəmdəki) Zəqqum ağacı günahkar (kafir) kimsənin yeməyidir. Bu ərinmiş mis (yağ) kimi qarınlarda qaynar, qaynar su qaynayan kimi" ("Duxan", 43-46).
"...Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən yeyəcəksiniz), qarınlarını üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz. Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz" ("Vaqiə", 52-55).
Bu ağaca lənətlik deyilməsinin bir başqa səbəbi, Cəhənnəmliklərin onu Allahdan bir rəhmət olaraq deyil, lənətlənmələrinin bir simvolu olaraq yemələridir. Lənətlənən insanlar bundan yeməklə daha çox ağrı-acı çəkəcəklər.
Zəqqum - Xalq dilində "ağu-zəhər", "zəhər-zəqqum" və sair, deyimlərlə gündəlik həyatımızda da istifadə olunaraq, həm həqiqi, həm də məcazi mənada öldürən yemək mənasını ifadə edir.
Məsələn, içki və siqaretin pis və zərərli təsirini ifadə etmək üçün el arasında "Bu zəqqum haramdır, insana zərəri vardır" və sair deyilir.
Yer üzündə də bir ağac vardır ki, ona da Zəqqum deyirlər.
Zambaqkimilər (Apocynaceae) ailəsindən olan Zəqqum (Lat. nerium oleander), Qərbdə, cənubi Portuqaliyadan başlayaraq bütün Aralıq dənizi sahilləri boyunca Suriyada, qərbi və cənubi Anadolunun dərə yataqlarında yetişir.
Boyu 2-3, bəzən hətta 5 m-ə çatan, qışda belə yarpaq tökməyən sıx budaqlı bitkidir. Yazda çiçəklənən və uzun bir çiçəklənmə dövrünə sahib olan Zəqqumun meyvəsi paxla şəklindədir. Zəhərli olduğundan insan və heyvanlar üçün təhlükəlidir, bəzək bitkisi olaraq saxsılarda da yetişdirilir.
Lakin böyük Yaradan heç bir şeyi mənasız olaraq yaratmamışdır. Bu bitkini də aşağı dozalarda ürək qüvvətləndiricisi olaraq istifadə edirlər, bundan əlavə, böyrəyə xeyri var.