İmam Səccad (ə) hədislərin birində buyurur ki, Allaha qarşı edilən ilk günah - təkəbbür olmuşdur. Onu da İblis (lən) etmişdir. Ona görə də Allahdan üz çevirib kafir olmuşdur. Hərislik isə ikinci günah kimi tanıdılmışdır ki, Həzrət Adəm (ə) və Həvva tərəfindən edilmiş və buna görə behiştdən xaric edilmişdilər.
Tarix boyu peyğəmbərlər (ə) bu rəzil sifət ilə mübarizə aparmış və onun ziyanlarını insanlara tanıtmağa çalışmışdılar. Tarix bizə nişan verir ki, həris insan hansı günahları etməyə qadirdir. Bu insan öz istəyinə çatmaq üçün heç bir şeyin qarşısında dayanmaz. Hətta qətllər edər, müharibələr edər, qarətlər edər, insani sifətlərə arxa çevirər.
Allah onları bizə belə tanıtmışdır: "Əlbəttə (ki,) sən onları (uzun) ömür sürməyə bütün insanlardan - hətta (Allaha)şərik qoşanlardan - həris görərsən! Onların hər biri min il yaşamaq istəyər, halbuki, həmin uzun ömür onu (Cəhənnəm)əzab(ın)dan uzaqlaşdıran deyildir. Allah onların etdiklərini görəndir". ("Bəqərə" 96).
Bu qövm tarix boyu özünü həmişə başqalarından üstün hesab etmişdilər.
Belə zənn etmişdilər ki, dünya onlar üçün xəlq olmuşdur və behişt də ancaq onlar üçündür. Onların cəhənnəmdə işləri yoxdur. Onlar Allahın xüsusi dostlarıdırlar. Bu axmaq düşüncə onları daima kəbirə günahlar etməyə düçar etmişdir. "Və dedilər: "Cəhənnəm odu bizi bir neçə gündən (dədə-babalarımızın buzova ibadət etdikləri günlərin sayından) artıq yandırmaz".
De: "Allah tərəfindən bir əhd-peyman almısınız ki, - Allah da heç vaxt öz əhd-peymanına xilaf çıxmaz - yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?!"". ("Bəqərə" 80).
İmam Əli (ə) hərislik haqqında buyurur: "Həqiqətən, dünya insanı özünə məşğul edər. Dünyapərəst ondan bir şeyə çatmaz, məgər o halda ki, hərislik və məftunluq qapısı üzünə açılar. O şeyi ki, bu dünyadan əldə edibdir - onunla kifayətlənməz və əldə edə bilmədiklərinin ardınca gedər".
İnsan gərək bəzən öz yaşadığı həyata nəzər salsın. Bəlkə o da hərislərin sırasındadır? İnsan bilməlidir ki, axirətdə onu hesab-kitab gözləyir. Hədəfi ancaq dünya olmamalıdır.
O kəs ki, dünyaya məftun olar və hədəfi ancaq dünya ləzzətləri və sərvəti olar - axirətini düşünmək üçün vaxt tapmaz. Ancaq ölüm anı gələn zaman qəflətdən ayılar və ömrünü boş yerə sərf etdiyinin həsrətini çəkər. Amma, artıq gec olar.
Hərisin axirətdəki yeri - cəhənnəm atəşidir. Çünki dünya onu özünə məşğul etmiş və əməlləri insanlığa layiq olmayan əməllər olmuş və ona ancaq günah qazandırmışdır, axirətini dünyasına satmışdır. Bu səbəbdən həris insanın yeri ancaq cəhənnəm atəşi olar və orada əbədi qalar.