وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ الْجِنِّ وَالْإِنْسِ لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لَا يَسْمَعُونَ بِهَا أُولَٰئِكَ كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ ۚ أُولَٰئِكَ هُمُ الْغَافِلُونَ
"Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır." (Əraf, 179).
İzah: İnsanın yaradılış məqsədi Allaha bəndəlik yolu ilə kamal və səadətə çatmaqdır. Allah bu məqsədlə insanın bütün hidayət vasitələrini onun ixtiyarına vermişdir.
Belə ki, bəndələrinə həm batini höccət (ağıl) və zahiri hisslər vermişdir ki, aləmin və özlərinin yaranması haqqında düşünsünlər və onun hikmətini anlasınlar, həm də zahiri höccətlərə, yəni peyğəmbərlərə onları hidayət etməyi əmr etmişdir ki, sözlərini eşitməklə hidayət yolunu tapsınlar.
Bir qrup insan da vardır ki, onlar (ağıl, göz və qulaq kimi) hidayət vasitələrinə malik olduqları halda ondan faydalanmır və qəflətə düçar olurlar. Onlar heyvan kimi, hətta ondan da aşağıdırlar. Çünki insanlıq həqiqətindən uzaqlaşmışlar.
Hədis: İmam Əli (ə): "Qəflət kimə hakim kəsilsə, ürəyi ölər." (Qürərul-hikəm, c. 5, səh. 339, hədis: 8430).