أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ
"Yoxsa sizi əbəs yerə yaratdığımızı və (Qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?" (Muminun, 115).
İzah: Məad və Axirət dünyasına inam bütün dinlərdə yekdil inancdır. Belə ki, onu dünyanın ən məqbul - hətta tövhiddən daha çox məqbul - dini inancı hesab etmək olar. Məadın və ölümdən sonrakı həyatın baş verəcəyini göstərən çox sayda əqli və nəqli dəlillər vardır.
Quranda məad haqqında təqribən 1200 ayə var ki, bütün Quranın beşdə birini təşkil edir. Bu, məada diqqətin xalqın tərbiyə və dindarlığındakı önəmini göstərir.
Məadla bağlı əqli dəlillər çoxdur. Bu haqda ən mühüm əqli dəlil Allahın hikmət və ədalətinə əsaslanır. Çünki Allahın hikməti insanın yaradılışının məqsədyönlü olmasını zəruri edir.
İnsanın yaradılış məqsədi də yalnız bəndələrin üzərinə düşən vəzifələr, məadın baş verməsi və mənəvi kamilliyə nail olmaqla gerçəkləşə bilər. Məada inam olmayan bir dünya təsəvvür etmək hamını həyatda puçluq və mənasızlığa sürükləyir.
Hədis: İmam Səccad (ə): "Ey Allahın bəndələri! Allahdan qorxun və yaradılış məqsədiniz haqqında düşünün. Allah sizi boşuna yaratmamış və özbaşına buraxmamışdır." (Tuhəfül-üqul, səh. 274).