Həzrət Peyğəmbər (s) buyurur: "Bilin (və agah olun) ki, ən aqil insan o kəsdir ki, bu üç sifətə malik olar:
1. Allahını doğru şəkildə tanıyar və Ona itaət edər.
2. Allahın düşmənlərini tanıyar və onlara itaətsizlik edər.
3. Özünün əbədi yerini tanıyar və onu abad etmək üçün səy göstərər.
Bilər ki, tezliklə ora səfər edəcəkdir və onun üçün azuqə götürməsi lazımdır".
Hədislərdə buyurulur ki, aqilliyin təvazökarlıqla ən sıx əlaqəsi var. İmam Kazım (ə) buyurur: "Loğman oğluna deyir: "Allah qarşısında təvazökar ol ki, ən aqil insan olasan. Zirək və ayıq insan Allah qarşısında aram olar"".
Digər yerdə aqil üçün nəsihətin hər şeydən əhəmiyyətli olmasına diqqət çəkilir. Loğman Həkim buyurur: "Oğlum, nəsihət qəbul et və ona əməl et ki, nəsihət aqil üçün baldan da şirindir".