İnsan, daima -kiçik və ya böyük olsun- günahlar edir, yer üzündə fəsad çıxarır, Allahın qoyduğu nizamı hər gün pozaraq, Ona qarşı asi olur.. Bu, insanın özünə zülm etməsindən başqa bir şey deyildir. Lakin, bütün bunlardan daha böyük, daha iyrənc olan bir günah daha vardır: EDİLƏN GÜNAHDA ÖZÜNÜ HAQLI GÖRMƏK, GÜNAHI "QANUNLAŞDIRMAQ"..
Həqiqətən də, həlak edici günahların ən şiddətlisi - bu günahda özünü haqlı görmək, utanc duymamaq, əksinə - lovğalanaraq nəsihətə qulaq asmayaraq, özünü haqlı çıxarmağa çalışmaqdır. Buna səbəb - təkəbbür'dür. Bu təkəbbür - insanın günahı sevməsinə və özünü (bu günahı etməkdə) haqlı çıxarmasına gətirib çıxararaq, din'i ayaqlar altına almasına qapı açır.
Məhz bu səbəbə görə Uca Allah, bizdən öncə yaşamış bir çox qövmü cəzalandırmışdır. Çünki, günahı - günah olaraq görməmək, Allahın qayda-qanunlarına önəm verməmək - ən böyük günahlardandır.
İnsan günah edərkən, bunun günah olduğunu qəbul edirsə, bundan hər dəfə utanc duyursa və bunun Allahın əmrinə müxalif olduğuna inanırsa, Allah onun üzünə qapıları bağlamaz. Belə insanların tövbə etməsini, doğru yola yönəlməsini gözləyər və onları dünyada cəzalandırmağa tələsməz. Quran'da Şueyb peyğəmbərin xalqı (qövmü) haqqındakı misal, buna ən gözəl nümunələrdən biridir..
Şueyb peyğəmbər onlara: "Ey qövmüm! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin, insanların mallarını əksik verməyin və yer üzündə fəsad yaymaqla pis işlər görməyin!" (Quran, 11/85) -deyə əmr etdikdə xalqı ona belə cavab verdi:
"Ey Şueyb! Atalarımızın ibadət etdikləri (tanrılardan), yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir?..." (Quran, 11/87)
Yəni, "namazın sənin özünə qalsın, ticarətimizi, dünyamızı bizə burax, bizimlə işin olmasın.."
Uca Allah, Lut peyğəmbərin qövmünü də, etdikləri günahlara görə cəzalandırmadı. Etdikləri iyrənc əməlləri 'halallaşdırana', edilən nəsihətlərə üz çevirənə və lovğalanana qədər Uca Allah onlara rəhm etdi.. Allah onlara: "..məclislərinizdə (bir-birinizlə) çirkin iş görmürsünüzmü?!.." (Quran, 29/29) deməklə, onların bu günahları açıq-aydın şəkildə, lovğalaraq və "halallaşdıraraq" etmələrinə diqqət çəkmişdir. Lut peyğəmbərin qövmü, etdikləri günahları ciddiyə almamış, onlara nəsihət edənləri ələ salaraq, Allahın haramlarını "halallaşdırmış" və "..əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!" - (29/29) deyə cavab vermişdirlər. Yalnız bundan sonra Uca Allah onlara şiddətli bir əzab göndərərək həlak etmişdir.
Əgər şəhvət və günahlar - əngəllənməyən "şəxsi azadlıqlara" çevrilərsə və beləliklə də insan, özünü etdiyi günahlarda haqlı hesab etməyə, lovğalanaraq Allahın qanunlarını önəmsəməməyə başlayarsa, bu - Uca Allahın qəzəbinə səbəb olar. Çünki Uca Allah, günah edənləri cəzalandırmağa tələsməz, onlar üçün daima tövbə/islah qapısını açıq qoyar. Yetər ki insan lovğalanmasın, nəsihətdən üz çevirməsin və təkəbbürlənərək etdiyi iyrənc əməllərə min cür "don geyindirərək" özünü "ağıllı" hesab etməyə çalışmasın..