Təzə kartofun faydası
Mütəxəssislərin fikrinə görə, 3 aydan çox saxlandıqda kartof demək olar bütün faydalı xüsusiyyətlərini itirir və əksinə onun ziyanlı xüsusiyyətləri artır.
Bu səbəbdən Avropa ölkələri qışda kartofu isti ölkələrdən alır ki, orada kartof ildə 3 dəfə yığılır.
Təbii ki, təzə kartof köhnə kartofla müqayisədə qat-qat faydalıdır.
Təzə kartof C, B və PP vitaminlərlə zəngindir. C vitaminin günlük porsiyasını almaq üçün yarım kq bişmiş kartof yemək kifayətdir.
Təzə kartofun tərkibində nişasta daha azdır ki, bu onu daha azkalorili edir. Bu pəhriz saxlayan insanlar üçün çox vacibdir. Diyetoloqlar hətta kartof pəhrizləri təklif edir. Gün ərzində 1 kq bişmiş kartof yemək olar. Bu kartof 5-6 hissəyə bölünür və gün ərzində göyərtilərlə yeyilir. Belə pəhrizi 3-4 gün saxlamaq olar.
Təzə kartofda ürək üçün faydalı olan kalium çoxdur. Kalim ürəyin normal fəaliyyətini təmin edir və orqanizmdən artıq mayeni xaric edir.
Təzə kartof damarların sağlamlığını qoruyan bioflavonoidlərlə də zəngindir.
Təzə kartofu bişmiş şəkildə istehlak etmək daha yaxşıdır. Bişirdikdən əvvəl kartofun nazik qabığını ehtiyatla qaşıyın. Məhz bu nazik qabığın altında faydalı maddələrin əsas hissəsi toplanır. Daha sonra kartofu 30-40 dəqiqə ərzində soyuq suda saxlamaq lazımdır. Bununla siz kartofda olan nitratların miqdarını xeyli azaldacaqsınız.
Qabığı yaşıl olan təzə kartofu yeməyin. Belə kartof düzgün saxlanılmayıb və onun tərkibində gün şüaları təsirindən ziyanlı maddə salonin əmələ gəlib.