Xurma C və P vitaminləri, beta-karotin (A vitamini), kalium, maqnezium, yod, sink, mis, dəmir, qidalı liflər, pektinlər, bioflavonoidlər və s. kimi faydalı maddələrlə zəngindir.
Rusiyalı həkim-diyetoloq Lyudmila Denisenkonun sözlərinə görə, xurma insan sağlamlığı üçün ən faydalı meyvələrdən biridir. Xurma mədə-bağırsağın fəaliyyətini yaxşılaşdırır, qaraciyərə müsbət təsir edir, görməni yaxşılaşdırır, dərini cavan saxlayır.
Rusiyalı diyetoloq xurmanın müalicə etdiyi xəstəlikləri və pozulmaları sadalayıb:
1. Böyrəklərdə daşlar
Maqneziumla zəngin olan xurma orqanizmdən natrium duzlarını xaric etməyə yardım edir, böyrəklərdə daşların əmələ gəlməsi riskini və böyrəklərə düşən gərginliyi azaldır.
2. Xərçəng
Xurma ən güclü antioksidant maddəsi olan beta-karotinlə zəngindir. Məhz beta-karotin xurmaya narıncı rəng bəxş edir. Beta-karotin hüceyrə səviyyəsində orqanizmi qoruyur, xərçəngin riskini azaldır.
3. Ürək xəstəlikləri
Ürək üçün ən vacib maddə kaliumdur. Xurma kaliumla olduqca zəngindir. Kalium ürəyin fəaliyyətini yaxşılaşdırır, ürəyə düşən gərginliyi və ürək tutmasının riskini azaldır, təzyiqi tənzimləməyə kömək edir.
Hipertoniya və ürək xəstəliklərindən əziyyət çəkənlər hər gün 2-3 xurma yeməlidir.
4. Damar xəstəlikləri
C və P vitaminlərinin sayəsində xurma damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir, damarların keçiriciliyini azaldır. Diyetoloq varikoz xəstəliyindən əziyyət çəkənlərə hər gün xurma yeməyi tövsiyə edir.
5. Qanazlığı
Dəmir, mis, C vitamini, fol turşusu ilə zəngin olan xurma qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı kömək edir.
6. Öskürək
Diyetoloqun sözlərinə görə, boğaz ağrısı və öskürək zamanı da xurma müalicəvi təsir edir.
7. Dəri
Yağlı, məsaməli, səpgilərə meyilli olan dəri üçün xurma əsl dərmandır. Xurma ilə maskalar dərini əla təmizləyir, təravətləndirir, tonuslaşdırır, məsamələri daraldır.
Bundan əlavə xurma dəriyə cavanlaşdırıcı təsir edir.