Əmirəl-möminin (ə) buyurur: "Havapərəstlərlə yoldaş olmaq - imanın unudulması və şeytanın (insanın) həyatında olması amilidir".
Bəs hansı halda insan lal şeytan (lən) hesab edilər?
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim haqqa qarşı tərəfsiz qalar və sükut edər - o, lal şeytandır".
Bəlli olur ki, insanın haqqa nisbətdə sərgilədiyi münasibət, onun tərəqqi və tənəzzülünün əsas şərtidir. Belə ki, haqqa dəstək verməmək, haqqa qarşı laqeyd və süst olmaq - insanı lal şeytan olmağa qədər alçaldar.
O, haqqa qarşı fəal hücumda olan şeytanpərəst ünsürlərin hərəkəti üçün münbit şərait yaradanlardan olar.
Mübarək dinimiz haqla tanış olmağın müxtəlif yollarını təqdim edir. Onlardan biri də batil əhlinin, aşkar günahkarların əməllərini təhlil edib, bunun əksini - batilə zidd hərəkəti qavramaqdır.
Həzrət İsa (ə) buyurur: "Haqqı batil əhlindən öyrənin. Batili haqq əhlindən öyrənməyin, söz ustası olun".
Nəzərə almaq lazımdır ki, kiminsə haqqını qəsb etmək - özünü ruzidən məhrum etməyin əsas amillərindəndir.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs müsəlman qardaşının haqqından bir şeyi saxlayar (və ona qaytarmazsa) Allah ruzinin bərəkətini ona haram edər, məgər o halda ki, tövbə etsin".
Bu halda da tövbə qapıları - insanın ruzinin bərəkətini qaytarmaq üçün ən tez və əlçatarlı yoldur. İnsan tövbə edərkən Allaha tərəf qayıdır və bununla, bir çox itirilmişləri, o cümlədən, ruzisinin bərəkətini yenidən əldə etmiş olur.