Pəhrizi başqa aylara saxlayın
Mübarək Ramazan girincə dini inancı çox da yüksək olmayan bir çox insanların da oruc ibadətinə başladığı müşahidə olunur.
Ola bilsin ki, bəziləri bunun pəhriz məqsədilə icra edildiyini düşünə bilərlər, amma mən bunun heç də belə olduğunu qəbul etmirəm. Çünki Ramazandakı yemək rejimi pəhriz üçün heç də əlverişli deyil.
pəhrizin şərtləri ilə orucun şərtləri bir-birindən kəskin şəkildə fərqlənir. Həm də o insanlar orucu pəhriz niyyəti ilə tutsaydılar, bunu Ramazanda deyil, hər hansı başqa bir ayda icra edərdilər.
Burada əslində bir çox insanın izah etməkdə çətinlik çəkdiyi bir şey var ki, o da Ramazanda hər şeydə olduğu kimi, inanca da gələn bərəkətdir. Bunun başqa bir izahı düşünülə bilməz.
Ramazan bərəkətindən başqa heç nə gecənin bir vaxtı adamları şirin yuxudan qaldırıb yemək yeməyə sövq edə bilməz, bu işi hətta kiçik uşaqlar üçün belə çox sevimli bir işə çevirə bilməz? Hansı güc siqaret və digər pis vərdişləri olan insanları 16-17 saat bu alışqanlıqdan uzaq tuta bilər? Təbii ki, bunlar hamısı Ramazanın bərəkəti ilə gerçəkləşir.