Abdullah ibn Mübarək deyir: "Məkkəyə getmişdim. Karvanın kənarı ilə hərəkət edən 7-8 yaşlı bir uşaq gördüm. Onun azuqəsi yox idi.
Yaxınlaşıb ona salam verdim və dedim: "Bu yolu kiminlə gedirsən?"
Dedi: "Xeyir sahibi Allahla!"
Gözümə əzəmətli göründü. Dedim: "Övladım! Yükün haradadır?"
Dedi: "Yüküm təqvadır, azuqəm iki ayağımdır, məqsədim mövlam!"
Gözümdə daha da əzəmətləndi. Dedim: "Hansı ailədənsən?"
Dedi: "Müttəlibiyəm."
Dedim: "Hansı qoldansan?"
Dedi: "Haşimiyəm."
Dedim: "Hansı şaxədənsən?"
Dedi: "Ələvi-Fatimi."
Dedim: "Ey mənim ağam! Şer də bilirsən?"
Dedi: "Bəli."
Dedim: "Şerindən mənim üçün oxu." Oxudu:
Bizdən üz çevirən acı içində,
Bizə əl uzadan haqqın köçündə.
Bizə dost olanlar kövsər başında,
Qəzəbləndirənlər od yağışında!
Sonra onu görmədim. Məkkəyə gəldim. Həccimi başa vurub geri qayıtdım. Şəhərdə adamların dövrə vurub dayandığını gördüm.
Qabağa gəldim ki, görüm nə məsələdir. Gördüm məni heyrətə gətirən həmin yeniyetmənin başına yığışıblar. Soruşdum ki, o kimdir?
Dedilər: "Bu imam Zeynəlabidindir!" ("Əl-mənaqib", 4-155; "Biharul-ənvar", 46-91, bab 5, hədis 78)