Quran ayələri insanların həm dünyada və həm də axirətdə çəkəcəkləri həsrətlə bağlı bəzi işarələr etmişdir.
1. Dünyada olan zaman yaxşı dosta malik olmağın həstərini çəkmək. "Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım". ("Furqan" 28).
İmam Sadiq (ə) buyurur: "Üç şey möminin nişanəsindəndir: tövhid və Allaha olan elmi, sevdiyi insanlara olan elmi, düşmən olduğu kəslərə aid elmi".
Bəs yaxşı dost kimdir?
Həzrət Peyğəmbər (s) yaxşı dost üçün bəzi meyarlar müəyyən etmişdir.
a). Onunla görüşmək sizə Allahı yada salsın. Həzrət (s) buyurur: "O kəslə ol ki, hər səhər və axşam çağı Allaha xaliscəsinə ibadət edər".
b). Danışığı elminizi artırsın. Həzrət Peyğəmbər (s) buyurur: "Ariflərlə get-gəlin olsun və yoxsullarla bir məclisdə əyləş".
c) Əməli sizə axirəti xatırlatsın. Həzrət Peyğəmbərdən (s) gələn hədislərdə oxuyuruq ki, o kəslə yoldaş olun ki, cəhənnəm və Qiyamətin qorxusundan özünü günaha bulaşdırmaz.
2. Həzrət Peyğəmbərin (s) davamçısı olmamağın həsrəti. "Və (yada sal) o gün(ü) ki, zalım öz əllərinin arxasını çeynəyərək deyəcək: "Kaş peyğəmbərlə birlikdə (mən də Allaha tərəf gedərək) bir yol tutaydım"". ("Furqan" 27).
3. Kafirlərin möminlərə qələbə çalmaq həsrəti. "Həqiqətən, kafirlər öz mallarını (Bədr, Ühüd və digər müharibələrdə olduğu kimi insanları) Allahın yolundan saxlamaq üçün xərcləyirlər. Tezliklə hamısını xərcləyəcəklər, (amma bu) sonra onlar üçün bir həsrət (dağı) olacaqdır və daha sonra məğlub olacaqlar. Kafirlər (Qiyamət günü öz qəbirlərindən) cəhənnəmə doğru toplanacaqlar". ("Ənfal" 36).
4. Allahın əmrlərinə əməl etmədiklərinin həsrəti. "(Allah sizə öyüd verir) ki, məbada kimsə (Qiyamət günü) "əfsus, Allah barəsində etdiyim səhlənkarlığa görə! Həqiqətən mən məsxərə edənlərdən idim" desin". ("Zumər" 56).
Bəzən də həsrətlər xüsusi xarakter daşıyır.
1. O kəs ki, axirətini dünyasına görə satar. Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü hamıdan ən çox peşman olan insan o kəsdir ki, axirətini dünyasına görə satıbdır".
2. O kəs ki, ədalətdən danışar və özü ona əməl etməz. İmam Sadiq (ə) buyurur: "Qiyamət günü ən peşman olan şəxs o kəsdir ki, insanlara ədalətdən danışar, ancaq özü başqasına ədaləti rəva bilməz".
3. O kəs ki, malı haram yolla əldə edər. İmam Əli (ə) buyurur: "Qiyamət günü ən böyük təəssüf - o kəsin təəssüfüdür ki, qəbuledilməz yolla mal əldə edər və cəhənnəmə gedər. Həmin malı da o kəsə irs qoyar ki, Sübhan Allahın itaətində xərcləyər və behiştə gedər".