Nəsihət - yəni öyüd verməkdir. Nəsihət istər əməldə olsun, istərsə də danışıqda nəsihət olunan şəxs tərəfindən qəbul olunmalıdır.
Allah və Onun övliyaları tərəfindən olan nəsihət moizə və hidayətdir. Nəsihət adi insanlar üçün isə itaət və ehsandır. Yəni insan nəsihət vasitəsilə qarşı tərəfi itaət və məhəbbətə dəvət edər və ona moizə edər. Nəsihətin həqiqəti isə ixlas, sevgi, əlaqə və səmimi olmaqdır.
Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əli! Nə zaman alim təqvalı və tövbəkar olmazsa, moizəsi insanların ürəyindən axıb gedər. Necə ki, su damcısı saf daşın üzərindən axar".
Ona görə də nəsihət verən gərək öz dediklərinə özü əməl etsin ki, dediklərini başqaları eşidə bilsin.
İmam Əli (ə) övladına verdiyi nəsihətdə buyurur: "Sən mənim parçamsan. Belə ki, əgər sənə ziyan dəyərsə, elə bil ki, mənə dəymişdir. Əgər ölüm sənin sorağına gəlsə, sanki mənim sorağıma gəlmişdir. Sənin işini öz işim bilmişəm. Bu vəsiyyəti sənə yazıram ki, sənin dayağın olsun. İstər mən sağ olum, istərsə də ölüm".
Nəsihət verənin və nəsihət eşidənin haqqı.
İmam Səccad (ə) buyurur: "Nəsihət istəyənin haqqı budur ki, düzgün bildiyin yolu ki, qəbul edəcək, onu hidayət edəsən. Dərk edəcəyi sözlər deyəsən ki, hər bir ağlın özünəməxsus tutumu vardır. Sənin üslubun mehribanlıq və rəhmətlə bir yerdə olmalıdır.
Nəsihət edənin haqqı isə odur ki, ona qarşı təvazökar olasan. Ürəyini nəsihət eşitmək üçün hazır edəsən. Sözlərinə qulaq asasan. Əgər sözləri düz olsa, Allaha şükür edəsən, qəbul edəsən və təşəkkür edəsən".
Əgər nəsihət verdiyin əməlləri özümüz yerinə yetirmiriksə, dediyimiz sözlər qarşı tərəfdə təsir qoymayacaqdır. Onu yormaqdan başqa bir iş görmüş olmarıq. Əksinə, onu həmin mövzuya görə bədbin edər, həmin mövzudan uzaqlaşmasına səbəb olarıq.