"Buna görə də dedilər: "Qövmləri bizim qulumuz və bizə müti ola-ola, özümüz kimi iki insana iman gətirək?"". ("Muminun" 47).
Hər bir cahil dövrdə olduğu kimi, peyğəmbərlərin gəlişi hakimiyyət başında dayanan insanlar üçün narahatlıq və nigaranlıq mənbəyi olmuşdur. Bacardıqları qədər onları alçaltmağa və insanların gözündən salmağa çalışmışdılar. Bu cür hadisələrdən biri də Fironun zamanında baş vermişdi.
Elə ki, Allah Təala Həzrət Musanı (ə) Öz peyğəmbəri olaraq seçir və Harunu onun vəsisi elan edir, Firon bu həqiqəti qəbul edə bilmir. O, deyir: "Axı necə ola bilər ki, mənə qul olan bu iki insan məndən uca məqamda dayansınlar?".
Bu hegemonların əsil səhvləri onda olmuşdur ki, özlərini İlahi insanlarla müqayisə etmək cürətinə malik olmuşdular. Zahirən eyni göründükləri üçün, belə hesab etmişdilər ki, batində də eyni cürdürlər.
İlahi insanları inkar edənlərin aqibəti.
"Beləliklə o iki nəfəri təkzib etdilər və (nəhayət) məhv edilənlərdən oldular". ("Muminun" 48).
Əlbəttə, burada həlakət deyildikdə, Fironla yanaşı, Musanı (ə) inkar edən Misir camaatı da nəzərdə tutulur.
O kəslər ki, Musa (ə) və Haruna iman gətirirlər, onlar Bəni-İsrayil qövmü olur. Musa (ə) da onları Fironun zülmündən xilas etmək üçün səy göstərir və onları Misirdən çıxartmağa müvəffəq olur.
Həzrət Musa (ə) o peyğəmbərlərdən olmuşdur ki, Allah Təala ona səma kitabı vermişdir. Quran bu haqda buyurur: "Və şübhəsiz, Biz Musaya (səma) kitab(ı olan Tövratı) əta etdik ki, bəlkə onlar (İsrail övladları) doğru yola yönəlsinlər". ("Muminun" 49).
O, kitab sahibi olduğu üçün Ulul-əzm peyğəmbərlərindən olur. Çünki yeni bir din gətirir və insanları hidayət edir.
Deyilənlər günümüzə də aiddir. Bəli, insanlara yaşına və sərvətinə görə deyil, Allah yanındakı mənəvi məqamına görə qiymət vermək lazımdır.
Bəzən elə olur ki, cavan bir insanın elmi və əxlaqı, Allah yanındakı məqamı və Allah haqqındakı mərifəti cahil qocalardan daha üstün olur. Ona görə də onu yaşının az olmasına görə kiçik hesab etmək olmaz.