Şərhi-sədr terminini əgər izah etmək istəsək, deyə bilərik ki, şərh bir şeyi genişləndirmək, sədr isə ərəb dilində sinə deməkdir. Yəni, sinəni genişləndirmək. Yəni, hər kim bunu bacarsa, sinəsini genişləndirə bilsə, onun səbir və dözüm qüvvəsi güclənər və hər bir çətinlik və məsuliyyət qarşısında rahat dayana bilər. Onları hər birini bir-birinin dalınca arxada qoya bilər.
Bu dəyərli və möcüzəvi xüsusiyyət o qədər əhəmiyyətə malikdir ki, Allah tərəfindən əta olunan nemət hesab olunur. Allah bu neməti İslam Peyğəmbərinə (s) də əta etmişdi. "Məgər Biz sənin sinəni (köksünü) genişləndirmədikmi? (Sənə bolluca səbir və hövsələ vermədikmi ki, böyük bir tutumla Xaliqə yetişmək və insanlarla rabitə qurmaq məqamını özündə yerləşdirəsən, elmlər, hikmət və din hökmlərinin mədəni olasan, İlahi mənbədən vəhy almaq və bəşər cəmiyyətinə onu yetirmək istedadına malik olasan və insanlara rəhbərlik və ümmətə atalıq edəsən)". ("Şərh" 1).
Bəs necə edək ki, bu gözəl nemət bizə də nəsib olsun?
Qurani-Kərim bu nemətə sahib olmaq üçün bizə bəzi mühüm nöqtələri göstərmişdir. O cümlədən.
1. Allahdan istəmək. Biz dua edən zaman Allahdan çox şey istəyirik. Ancaq belə görünür ki, dualarımızın başında bu istək durmalıdır, yəni şərhi-sədrə malik olmaq. Həzrət Musa (ə) risalətinin çətinliklərinə dözmək və səbir etmək üçün Allahdan bu neməti istəyir və buyurur: "Dedi: Ey Rəbbim, sinəmi genişləndir (mənə çoxlu səbir və hövsələ ver)". ("Taha" 25).
2. İman və namazın rolunu həyatımızda daha əhəmiyyətli edək. Allah Təala "Məaric" surəsində insanın taqətsizliyinə işarə etdikdən sonra, növbəti ayədə bu rəzil sifətlə mübarizə aparmağı bizə buyurur. O insanların adını çəkir ki, heç bir zaman taqətsizliyi, hövsələsizliyi ruh və canlarına yaxın buraxmayıblar. Bu insanlar namaz əhlidirlər. Onlara bu yolda namaz yardım edibdir. "Həqiqətən, insan olduqca həris və kəmhövsələ yaradılmışdır. Ona bir zərər və ziyan üz verdikdə, dözməz.
Ona bir xeyir yetişdikdə, xəsis və simic olar. Namaz qılanlardan savayı". ("Məaric" 19-22).
"Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən Allah səbir edənlərlədir". ("Bəqərə" 153).
Bu ibadətin sonsuz faydalarından biri də budur ki, insanın sinəsini genişləndirər və ona şərhi sədr əta edər. Belə bir insan həyatın çətinlikləri ilə asan mübarizə apara bilər.