Hədislərdən belə qənaətə gəlmək olur ki, sələmin haram olmasının 7 səbəbi vardır.
Onlarla tanış olaq:
1. Maddi fəsad. Hədislərdən belə nəticəyə gəlmək olur ki, sələm sərmayənin məhv və fasid olmasına gətirib çıxardır. Ona görə də onu oğurluğa bənzədirlər. Sələm ona görə oğurluğa bənzədilir ki, malın fasid olmasına səbəb olur.
İmam Rza (ə) buyurur: "Allah oğurluğu haram etmişdir, çünki malın fasid olmasına səbəb olur".
2. Sələm - zülmdür. Hədislərimiz buyurur ki, sələm - zülmdür. İmam Rzanın (ə) nəzərinə görə sələm fəsada, zülmə və malın məhv olmasına səbəb olur.
Qurani-Kərim də sələmin zülm olmasını təsdiq edir. "Və əgər belə etməsəniz (və sələmçiliyi davam etdirsəniz), onda Allah və Onun peyğəmbəri tərəfindən olan müharibəyə yəqin edin (yəqin bilin ki, belə bir müharibə sizə üz tutacaqdır, haqq hökümət və ya partlayış həddinə çatmış cəmiyyət onu sizdən geri alacaqdır).
Tövbə etsəniz isə, sərmayələriniz özünüzündür (aldığınız faizi geri qaytarın ki, belə olan surətdə) nə zülm edərsiniz, nə də zülmə məruz qalarsınız". ("Bəqərə" 279).
3. Sələm malı məhv edər. Malın fasid olması ilə məhv olması arasında fərq vardır. Sələm insanın malının qazancını aradan aparar.
4. Fürsətçi insanların sayı artar. Sələmin gətirdiyi bəlalardan biri də budur ki, fürsət ardınca olan insanların sayı artar və insanlar təmənnasız borc verməkdən imtina edərlər.
5. Sələmə görə borc vermək unudular. Sələm borc vermək mədəniyyətini aradan aparar. İmam Rza (ə) buyurur: "Allah sələmi haram etmişdir ki, borc vermək ki, tanınmış əməllərdəndir - qadağan olunmasın".
Borc vermək insanın kamala çatmasında yardımçı olan amillərdəndir. Ancaq sələm insanı bu təkamüldən saxlayar və süqut etdirər.
6. Sələmi günah olaraq kiçik hesab etmək. Sələm, Allahın əmri ilə müxalif olmaq deməkdir. Sələmi kiçik hesab etmək kəbirə günahlardandır və küfrə səbəb olar.
7. Sələmi haram etməyin səbəbi - borcu diriltməkdir. Hədislərimiz buyurur ki, sələm ona görə haram edilmişdir ki, insanlar borc verməkdən imtina etməsinlər, əksinə borc mədəniyyəti dirilsin. Çünki borc vermək insanı təkamül etdirər, ancaq sələm əksinə - insanı süqut etdirər.
Çünki insan borc verən zaman malın əsil hissəsi qorunmuş olar. Ancaq əlavə gəliri borc alana çatar. Lakin sələmdə həm malın əsli və həm də gəliri sələm verənə çatar. Bu səbəbdəndir ki, sələm haram edilmişdir.