"Və onlardan dəniz sahilində yerləşən cəmiyyətin (Mədyən əhalisinin və ya Fələstinin Təbəriyyə dənizinin kənarındakı Əylə şəhərinin əhalisinin) halını soruş: o zaman onlar şənbə günü həddi (balıq ovunun həmin gün haram olması hökmünü) aşırdılar; o zaman onların balıqları şənbə günündə aşkar surətdə suyun üzünə çıxır, şənbə olmayan gündə isə gəlmirdilər. Biz onları itaətsizliklərinin müqabilində belə imtahan edirdik.
Beləliklə, elə ki, onlara verilən öyüd-nəsihəti unutdular, Biz pis işdən çəkindirənləri xilas etdik, zülm edənləri isə itaətsizliklərinə görə ağır bir əzaba düçar etdik.
Beləliklə, elə ki, çəkindirildikləri şeydən boyun qaçırdılar, onlara "meymunlar və qovulmuşlar olun!" dedik (qəti iradə ilə surətlərinin meymun şəklində, ruhlarının isə xar və rəhmətdən uzaq olmasını istədik və elə də oldular)". ("Əraf" 163-166).
"Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara dedik: "Meymun və (Bizim dərgahımızdan) qovulmuşlar olun!" (Onların bu cür olmalarını istədik, elə bu cür də oldular)". ("Bəqərə" 65).
Təfsirçilərin nəzərinə görə, burada söhbət Bəni-İsrayildən gedir ki, onlara şənbə günü balıq ovu qadağan edilmişdi. Ancaq buna baxmayaraq, onların bəziləri gizlin şəkildə şənbə günü balıq ovu ilə məşğul olur və sərvətlərini artırırdılar.
Çünki balıqlar şənbə günü başqa günlərdən fərqli olaraq, daha çox suyun üzərinə çıxırdılar. Allah Təala da onları bu əmrə itaətsizlik etdikləri üçün cəzalandırmış və onları meymun, donuz və başqa heyvanlar şəklinə salmışdır.
Ancaq bu dəyişmə başqa dinlərdə deyilən dəyişmələr kimi olmamışdır.
Onların bədəni dəyişmişdir, ruhları isə olduğu kimi qalmışdır.
Əllamə Təbatəbai buyurur: "Məsx olmuş insanlar o insanlar idilər ki, insani ruhları qorunmuş, zahirən isə dəyişmişdilər".
Hədislərimiz bu barədə nə deyir?
İmam Əli (ə) buyurur: "Bir gün Peyğəmbərdən (s) əvvəl insan olmuş, sonra bəyənilməyən əməllərinə görə məsx olanlar barəsində sual verdim. Həzrət (s) buyurdu: "Məsx olmuş heyvanlardan biri qara qurd və o birisi əqrəbdir. Qara qurd dostları arasında söz gəzdirən idi. Söz gəzdirmək yolu ilə aralarına ayrılıq salırdı. Əqrəb isə söyüş söyən insan idi ki, heç kəs dilindən rahat deyildi"".
İmam Sadiq (ə) buyurur: "Əqrəb - eyib axtaran, tənə vuran, söyüş söyən insan idi ki, Allah onu əqrəbə çevirmişdir".