Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 166-167-ci ayələrində buyurur:
إِذْ تَبَرَّأَ الَّذِينَ اتُّبِعُواْ مِنَ الَّذِينَ اتَّبَعُواْ وَرَأَوُاْ الْعَذَابَ وَتَقَطَّعَتْ بِهِمُ الأَسْبَابُ
"O zaman tabe olunmuşlar (küfr başçıları) tabe olanlardan (ardıcıllarından) uzaqlaşacaq, (onların hamısı qiyamətdəki) əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır."
وَقَالَ الَّذِينَ اتَّبَعُواْ لَوْ أَنَّ لَنَا كَرَّةً فَنَتَبَرَّأَ مِنْهُمْ كَمَا تَبَرَّؤُواْ مِنَّا كَذَلِكَ يُرِيهِمُ اللّهُ أَعْمَالَهُمْ حَسَرَاتٍ عَلَيْهِمْ وَمَا هُم بِخَارِجِينَ مِنَ النَّارِ
"(Həmin vaxt) ardıcıllar deyərlər: "Kaş bir də (dünyaya) qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq." Beləcə (qiyamətdə) Allah onların əməllərinin yalnız həsrətdən ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər."
Ayələrə əsasən, diqqətli olmalıyıq ki, rəhbərimiz kimdir, qəlbimizdə kimin eşqinə yer vermişik? Bilək ki, zalımlar və Allahdan qeyriləri bizi öz mənafeləri üçün istəyirlər. Onlar bizə məxsus imkanlar hesabına öz dünya istəklərinə çatmaq arzusundadırlar. Qiyamətdə isə hamını boşlayıb ardıcıllarından zara gələrlər.
Rəvayətlərə görə, qiyamətdə çoxsaylı səhnələr və dayanacaqlar var. Onlardan bəzilərində dodaqlara sükut möhürü vurular. Onlar yalnız həsrətli baxışlarla bir-birini süzər və ağlayarlar. Bəzi hallarda bir-birindən yardım diləyər, bəzi səhnələrdə fəryad çəkib bir-birinə nifrin yağdırarlar. Uyğun ayədə oxuyuruq ki, küfr ardıcılları da öz rəhbərlərinə bağlılıq və eşqə görə çox peşman olarlar. Amma artıq iş işdən keçmiş olar və qəlbdə həsrətdən başqa bir şey olmaz. Onlar dillərində deyərlər: Əgər növbəti dəfə qayıtsaq, heç vaxt onlara üz tutmarıq. Bu qədər vəfasız olan və bu gün bizdən uzaqlaşan kəslərdən - dünyaya qayıtsaq - uzaq gəzərik. Onlar həsrət çəkərlər. Amma həsrətlə iş aşmır.
Bir çox ayələrdə "xülud" sözü əzab haqqında işlədilmişdir. Bəziləri isə bu sözün "uzun müddət" məna daşıdığını bildirirlər. Amma bu ayədəki "və mahum bixaricinə minənnar" (onlar cəhənnəm odundan çıxa bilməzlər) cümləsindən aydın olur ki, "xülud" uzun müddət yox, əbədiyyət mənasındadır.
Rəvayətlərdə günahkarların qiyamət həsrəti haqqında nümunələr nəzərə çarpır. Məsələn, bəziləri öz varisləri üçün xeyli var-dövlət qoyub, həyatları gedişində xeyir iş görmürlər. Qiyamət günü məlum olur ki, həmin var-dövlətdən yaxşı işə xərcləyən varis savabı da özü əldə etmişdir. Varis pis iş gördükdə isə irs qoyan bu günaha şərik olur. ("Təfsiri-Nurus-səqəleyn", c.1, səh.151.)
Həsrətin digər bir nümunəsi Əli ibn Əbu-Talibin (ə) rəhbərlik və vilayətini qəbul etməmiş ibadət edənlərin həsrətidir. ("Biharul-ənvar", c.27, səh.184.)
İnsanın azadlığı var. Əgər belə olmasaydı, peşmançılığa, həsrətə, yeni qərar qəbul edilməsinə imkan olmazdı. Peşmançılıq və həsrət onu göstərir ki, başqa cür də hərəkət edə bilərdik. Yeni bir qərar onu göstərir ki, insan öz iradə və ixtiyarı ilə düzgün saydığı yolu seçə bilər.
Bildirişlər
1. Əql və fitrətdən qaynaqlanmayan eşq və bağlılıq gec-tez soyuyacaq və ya düşmənçiliyə çevriləcəkdir.
2. Məhəbbət itaət zəminəsidir.
3. Gələcəyi düşünmək ağılın tələbidir. Qüdrət sahibi olan və təhlükəli bir gündə bizi himayə edə bilən kəsə məhəbbətli olaq.
4. Bağlılıq və məhəbbətin əsassızlıq ölçüsü təhlükəli günlərdə əzab görməkdir.
5. Tağutları, zalım hakimləri boşlayaq. Nə qədər ki, onlar bizi qiyamətdə atmayıblar, gəlin biz onları dünyada ataq.
6. Qiyamətdə insanın haqqı görən gözü açılır və o, öz işlərinin həsrətini çəkir.
7. Geri qayıtmaq arzu edilsə də, geriyə yol yoxdur.
("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, 1-ci cild, "Bəqərə" surəsi, 166-167-ci ayələrin təfsiri.)