Uca Allah insanları, bir-birinin haqqını tapdalamadan, əziyyət vermədən - ədəbli bir şəkildə yaşamağa çağırır. Çünki, insan - Allah üçün dəyərli varlıqdır. Bu dəyərli varlığın, dəyərli qəlbinə toxunulmasına əsla razı olmaz. Qeybətin, Allahın sevimli bəndələrinin qəlblərinə vermiş olduğu əziyyət, Onu qəzəbləndirir. Rəbbimiz, bu haqda belə buyurmuşdur:
"Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir". (Hucurat, 12)
Buna görə də şübhəsiz ki, qeybət edən insan, Allaha dərhal tövbə etməlidir. Bu tövbə, həm Allaha yaxınlaşma, həm də əziyyət vermiş olduğu insanın, könlünü almağa bir fürsətdir. O zaman həmin insan, peşman olaraq, Rəbbindən bağışlanma dilədikdən sonra nə etməlidir? Könülləri almağın, vermiş olduğu əziyyəti təlafi etməyin yolu yolu nədir?
1. Əgər dedikləri, haqqında qeybət edərək zülm etmiş olduğu bəndənin qulağına çatmayıbsa "Allahım bizi və onu bağışla" deməsi kifayətdir. Bu zaman halallıq almasına gərək yoxdur.
2. Əgər dedikləri, qulaqlara çatıbsa, o halda bu söz yetərli olmaz, mütləq halallıq alması lazımdır. Halallığı "sənə filan-filan sözləri dedim" şəklindəmi, yoxsa sadəcə olaraq "qeybətini etdim, haqqını halal et" şəklində deməsinin lazım olduğuna gəlincə.. Əgər dediyi sözü təkrarladığı zaman daha da böyük inciklik baş verəcəksə, o zaman qeyd etdiyimiz ikinci formada - yəni, ümumi olaraq halallıq alması yetərlidir.
3. Əgər qeybətini etdiyi insan vəfat etmiş və ya onu tapmaq qeyri-mümkündürsə, o zaman həmin insan üçün sadəcə istiğfar (Allahdan onun günahlarını bağışlanmasını diləmək) etməlidir.
4. Əgər həmin söz, haqqında danışmış olduğu insana çatmadan öncə tövbə edərsə, -bundan sonra həmin insanın qulağına çatarsa belə- etmiş olduğu tövbə yetərlidir.
Bütün qeyd olunanlardan əlavə olaraq, qeybəti edilən insanı tərifləmək, onun üçün dualar etmək də, qeybətə kəffarə olan (silib aparan) əməllərdən hesab olunur.
Bunları etməklə, bir daha bu qorxunc əmələ dönməmək və qeybətçilərdən də uzaq olaraq, aşağıdakı ayənin təhdid dairəsindən qurtulmaq mümkündür:
وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَة
"Hər bir qeybət edənin, tənə vuranın vay halına!" (Huməzə, 1)