Rəcəb ayında yerinə yetirilən əməllərdən biri də etikafdır ki, bu ayın 13, 14, 15-ci günlərində yerinə yetirilir. Etikaf ancaq bu zamana aid deyildir. Ramazan ayının son 10 günündə də tövsiyə edilir.
Etikaf - tək qalmaq və təfəkkür etmək üçün yaxşı fürsətdir. Gündəlik həyatın səs-küyündən uzaqlaşıb, Allahın mehribanlığına pənah aparmaqdır. Lakin etikafın öz şərtləri vardır ki, əgər riayət olunmazsa ziyana çevrilər.
Birinci şərt: İcazə.
Etikaf əyyamında məscidə daxil olan zaman orada müxtəlif yaşda insanları görmək olar. Yeniyetmələri, cavanları, orta yaşlılar və ahıl insanları. Bu cür cəmiyyətdə iştirak etməyin ən mühüm şərti ailənin razılığıdır. O kəslər ki, sibaydırlar və ata və anaları başlarının üzərindədirsə, onların razılığı şərtdir. Məbada onlara xəbər vermədən etikafa gəlinsin. Şübhəsiz ki, bu ibadətin Allah yanında əcri olmaz. Hətta Allah bu insanı qınayar.
İkinci şərt: Zahidlik.
Etikaf elə bir ibadətdir ki, insan öz yaxınlarından bir müddət ayrılıb Allahın dərgahına gələr. Ona görə də bu insan bilməlidir ki, etikaf gəzinti və ya elə-belə məşğuliyyət deyildir. Öz dostları ilə məsciddə bir yerdə olması və bir-biri ilə söhbət etməsi, əylənməsi - etikaf deyildir. Etikaf edən insanın diqqəti Allah Təalada olmalıdır. İnsan Allahı ilə söhbət etməlidir. Lakin bu, o demək deyildir ki, etikafa gələn insanın başqaları ilə danışmağa haqqı yoxdur. Belə deyildir. Bəzən yorğunluğunu aradan qaldırmaq üçün dostlarla söhbət etmək və zarafat etmək faydalı hesab edilir. Lakin bu məsələdə ifrat edilməməlidir.
Üçüncü şərt: Təmizliyə riayət etmək.
Məscid - Allahın evidir. Etikafa gələn insan üç gün burada qalar. Ona görə də bu evin təmizliyinə öz evi kimi riayət etməlidir. Məscidin təmizliyi ancaq xadimələrin işi deyildir. Hər bir insan əyləşdiyi yerin təmizliyinə diqqət etməlidir.
Beləliklə deyə bilərik ki, etikaf - İslam dininin gözəl ibadətlərindən biridir. Bu ibadəti edə bilən hər bir müsəlman gərək məsciddə 3 gün qalsın və Allahla xəlvət etsin. Bunun da bir neçə şərti vardır ki, gərək onlara əməl etsin ki, ibadətinin əcri olsun. Biri - ailənin razılığı ilə ora gəlməkdir. Digəri - ibadətlə məşğul olmasıdır, əylənməklə deyil. Üçüncüsü isə təmizliyə riayət etməsidir.
Ümid edirik ki, Allah evinin qonaqları bu şərtlərə əməl edərək ibadətin bərəkətindən faydalana biləcəklər.