Müsəlmanın bütün mal-dövləti, xüsusilə də yedikləri halal və pakizə olmalıdır. Mömin insan gərək haram malı öz qazancına daxil etməsin. Hətta şübhəli mala qarşı da həssas olsun.
Qüdsi hədisdə oxuyuruq: "Ey Əhməd (s)! İbadət on hissədir ki, onun 9 hissəsi halal qazancdadır".
İmam Rza (ə) buyurur: "O kəs ki, halal qazanc əldə etmək üçün səy edər, Allah yolunda mücahid kimi olar".
Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, öz ailəsi üçün səy göstərər, Allah yolunda mücahid kimidir".
Hədislərdə oxuyuruq ki, insanın əldə etdiyi hər bir ruzidən Allahın xəbəri vardır. Əgər ruzinizi haram yoldan qazansanız, haram olacaqdır.
Lakin Allah bəndəsi üçün halal ruzini bəyənir. İnsan qazandığı halal ruzi ilə ilk növbədə yemək almalıdır, sonra namazda geyindiyi paltarını almalıdır, ondan sonra isə məskəni və qalan ehtiyacları üçün xərcləməlidir.
Möminin yediyi yemək pak olmalıdır. Quran buyurur: "Ruziniz etdiyimiz pak təamlardan yeyin". ("Bəqərə" 57).
"Onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik". ("İsra" 70).
Allah Təala insan təbiətini elə yaratmışdır ki, pak nemətlərdən qidalanmalıdır. Tərkibində nəcasət olan qidalardan çəkinməlidir. Allah həşərat yeməyi ona görə qadağan edibdir ki, onların əksər hissəsi çirkli və xəbis qidalar ilə qidalanarlar.
Ona görə də ruhumuzun pak olması üçün gərək qidamız da pak olsun.
Namazda geyindiyimiz libas da pak və halal qazancla alınmış olsun.
Qaldığımız məskən halal qazancla əldə olunmuş olsun. Bütün bunların həm dünya həyatına və həm də axirət həyatına təsirləri vardır.