Qarabaşaq yarması "yarmaların kraliçası" adlandırırlar. Bunun səbəbləri çoxdur.
Qarabaşaq yarması ən xeyirli yarmalardan biridir. Onun tərkibində əvəzolunmaz aminturşular, vitaminlər, dəmir, kalium, fosfor, mis, kalsium kimi faydalı mikroelementlər var.
Qarabaşq rutinlə zəngindir. Bu maddə güclü antioksidant xüsusiyyətlərinə malikdir ki, orqanizmdə gedən qocalma proseslərini ləngidir, kapilyar və damarların divarlarını möhkəmləndirir, vitaminlərin orqanizmə olan təsirini artırır.
Qarabaşaq sıyığı uşaqlar, hamilə qadınlar və yaşlı insanların qidalanmasına mütləq əlavə etmək lazımdır.
Dadlı və xeyirli qarabaşaq sıyığını bişirmək üçün müəyyən qaydalara əməl edilməlidir.
1. Yarmanı diqqətlə təmizləyirik və bir neçə dəfə (su təmiz olana kimi) yuyuruq.
2. Yarmanı ələyə tökürük ki, artıq su tökülsün və yarma bir qədər qurusun.
3. Daha sonra yarmanı divarları qalın olan qazanda bir qədər (çox yox!) qovururuq.
4. Yarmanın üzərinə qaynar su tökürük. Suyun və yarmanın nisbəti çox vacibdir. 1 stəkan yarma üçün 2 stəkan su götürülür, 2 stəkan yarmaya 4 stəkan su və s.
5. İlk 3-5 dəqiqə ərzində (qaynara düşənə kimi) sıyıq güclü odda bişirilir. Daha sonra təxminən 20 dəqiqə ərzində qapağı bağlı qazanda (buxar çıxmamalıdır) su tam çəkilənə kimi bişirmək lazımdır. Bişirilmə zamanı qazanın qapağını açmaq, sıyığı qarışdırmaq olmaz.
6. Su tam çəkildikdən sonra qazanı 20 dəqiqə ərzində isti ədyala büküb saxlayırlar. Bu sıyığı daha yumşaq edir.
7. Daha sonra sıyığa duz və kərə yağı (zövqə görə) əlavə etmək olar.