"Sonra Allah Öz rəhməti ilə onlara üz tutdu ki, tövbə etsinlər və (Ona tərəf) qayıtsınlar. Həqiqətən Allah Özü tövbələri çox qəbul edən və mehribandır". ("Tövbə" 118).
İnsanın yerinə yetirdiyi hər bir tövbə iki İlahi tövbədə gizlənmişdir. Biri odur ki, Allah Təala Özü bəndəsinə tövbə etmək tövfiqini əta edər. İkincisi isə Özü bu tövbəni qəbul edər. Yəni, əvvəl Allah Təala insana bu tövfiqi verər ki, sonra insan günahından geri qayıdar və Allaha üz tutub, tövbə edər.
Allah Təala başqa bir ayədə tövbə ilə bağlı buyurur: "(Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək, tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır". ("Bəqərə" 37).
O zaman ki, Həzrət Adəm (ə) bol nemətli behiştdən yerə enir və səhvini başa düşür, tövbə fikrində olur. Ancaq necə tövbə edəcəyini bilmir. Bu zaman da Allah onu özbaşına buraxmır və ona tövbə etməsinin yolunu göstərir ki, bu ayədə onu aydın görmək olar: "Dedilər: "Ey Rəbbimiz, biz özümüzə zülm etdik, əgər bizi bağışlamasan və bizə rəhm etməsən, mütləq ziyana uğrayanlardan olacağıq"". ("Əraf" 23).
Hədislərdə oxuyuruq ki, Allah bu iki nəfərə beş Ali-Əbanın (ə) adını öyrədir ki, onları özünə vasitə qərar verərək, tövbə etsin. Ondan sonra tövbəsini qəbul edir.
Beləliklə deyə bilərik ki, tövbə tövfiqi Allahdan olar və onun yolunu da Allah bizə Quranda və hədislərdə öyrətmişdir. Əgər insanın tövbəsi həqiqi olarsa, Allah bu tövbəni qəbul edər. Çünki O, Təvvab və Rəhimdir. Allah bəndəsini bağışlayan zaman ona sevgi və rəhmət göstərər, nəinki danlayıb, məzəmmət edər.
Əgər tövbəmizi pozmuşuqsa, Allahın rəhmətindən məyus olmayaq və Onun tövbələri qəbul edən olduğunu unutmayaq. Yenə də tövbəyə üz tutaq və Allaha, haqqa tərəf qayıdaq.
Ona görə də Allahdan bizə tövbə tövfiqi verməsini dualarımızda istəyək və bizləri günahdan saxlamasını istəyək. Allah xalis niyyətlə edilən bütün duaları qəbul edəndir. Bu, Allahdır ki, sevdiyi bəndəsini səhvindən geri qaytarar və Ona tərəf qayıtmasını istəyər.