İnsan ixtiyar sahibidir. İstəsə iman gətirər, istəsə küfr edər. Öz imanında sabit də qala bilər, ya da küfrünə davam edə bilər. İstəsə tövbə edər, istəsə günahını davam etdirər.
"Həqiqətən imanlarından sonra kafir olan, sonra öz küfrlərini artıran kəslərin tövbələri əsla qəbul olunmaz. (Çünki onların tövbəsi ya nifaq üzündəndir, ya da ki, ölümü müşahidə edən zamandır). Onlardır doğru yoldan azanlar". ("Ali-İmran" 90).
Tövbə qapısı heç kəsin üzünə bağlı deyildir. Lakin insanlar gərək tövbədən sui-istifadə etməsinlər. O kəslər ki, öz imanlarından əl çəkiblər, daima öz küfrlərini artırarlar. Ancaq ölüm anında tövbə etməyə hazır olarlar. Bu cür insanların tövbəsi qəbul olmaz. Çünki tövbənin öz şərait və qaydaları vardır.
Ona görə deyə bilərik ki, iman o zamana qədər dəyərlidir ki, davamlı olsun. O iman ki, küfrlə sonlanar - işə yaramaz. Allah tövbələri qəbul edəndir. Lakin bir dəstə vardır ki, tövbə zəminəsini əldən vermişdilər. Küfrə davam etmək tövbənin qəbul olmasına mane olar və insanı bu tofiqdən məhrum edər.
Sonrakı ayədə oxuyuruq: "Həqiqətən kafir olub küfr halında (kafir olaraq) ölmüş kəslərin heç birindən öz canlarının qurtulması üçün hətta yer üzünün tutumu qədər qızıl versələr belə, qəbul olunmayacaqdır. Onlar üçün ağrılı bir əzab vardır və onlara bir kömək edən (də) olmayacaqdır". ("Ali-İmran" 91).
Bu ayədən göründüyü kimi, kafir ölmək böyük bəladır. Müsəlman olaraq ölmək isə peyğəmbərlərin arzusudur. Qiyamət günü dünya malı dəyərsiz olar.
İstər qızıl olsun və ya başqa dəyərli daş-qaş. İmanın dəyəri hər bir maddiyyatdan daha üstündür. Qiyamət günü insana ancaq iman nicat verə biləcəkdir. Küfr halında ölmək şəfaətin zəminəsini aradan aparar.
İman gətirib sonra küfr edən insanların tövbəsi ona görə qəbul olmur ki, bu tövbə zahiri tövbədir. Çünki haqqın tərəfdarlarının sayını görən zaman tövbə etməyə məcbur olmuşdular.
Təbiidir ki, bu cür tövbə qəbul olunmaz. Lakin o zaman ki, əcəlləri gəlib çatar, tövbə üçün əl açarlar. Belə bir zamanda edilən tövbə qəbul olmaz.
Küfr insanın bütün əməllərini bada verər. Əgər yer üzünün hər tərəfi qızılla doldurulsa və Allah yolunda infaq olunsa, yenə də qəbul olunmaz. Çünki infaqları hər nə qədər çox olursa-olsun, haqla etdikləri düşmənçilik və ruhlarının kirləndiyi üçün qəbul olunmaz.