Uzaqdan görmənin elmi adı - hipermetropiya yunan sözü olub, "hyper" - artıq, "metron" - ölçü, "ops" isə göz deməkdir. 18 yaşdan yuxarı şəxslər arasında uzaqdan görmənin yayılma tezliyi orta hesabla 35-45% təşkil edir. 7-12 yaşlı uşaqlarda hipermetropik refraksiya fizioloji xarakter daşıyır. Uzaqdan görmə 3 yaşa qədər uşaqların 90%-də, 13-14 yaşlı yeniyetmələrin isə 35%-də müşahidə olunur.Miopiyada (yaxından görmə) olduğu kimi hipermetropiyanın da inkişafının əsasını sındırma qüvvəsinin gözün ön-arxa ölçüsünə uyğun gəlməməsi təşkil edir. Lakin uzaqdan görmə zamanı bu uyğunsuzluq optik mühitlərin nisbi zəifliyi və ya ön-arxa oxun qısa olması nəticəsində meydana çıxır. Bu 2 mexanizm şüaların torlu qişanın arxasında fokuslanmasına səbəb olur. Hipermetropların bir qismində buynuz qişa və büllurun oprik qüvvəsinin zəifliyinə göz almasının boylama oxunun qısalığı ilə birgə rast gəlinir.Korreksiya olunmayan hipermetropiya çəpgözlük, ambliopiya, gözün residivləşən iltihabi xəstəlikləri (konyunktivit, blefarit, keratit) ilə ağırlaşa bilər. Hipermetroplara ildə 2 dəfədən az olmamaqla oftalmoloqun müayinəsindən keçmək tövsiyə edilir.
Uzaqdan görmə zamanı həkimin təyinatlarına və düzgün görmə rejiminə (kafi işıqlandırılma, göz idmanları, vizual yüklənmənin aktiv istirahətlə növbələnməsi) riayət edilməlidir. Bu məsləhətlər hipermetropiyanın profilaktikasına da aid edilir. Çəpgözlüyün inkişafının qarşısını almaq üçün doğuşdan sonra I-II aylarda, 1, 3 və 6-7 yaşlarda uşaqlara oftalmoloji baxış keçirilməlidir.