İslam dini - kamil din olaraq, təbiətin və ətraf mühitin təmiz olmasına və qalıcı olmasına xüsusi əhəmiyyət verir.
Qurani-Kərimdə buyurulur: "(O şəriklərmi yaxşıdır,) yoxsa göyləri və yeri yaradan, göydən sizə (yağış, qar və dolu şəklində) su nazil edən?
Beləliklə (həmin suyun) vasitəsilə gözəl, yamyaşıl və könül oxşayan bağlar yetişdirdik ki, onların ağaclarını bitirmək sizin üçün müyəssər deyildi! Məgər heç tək olan Allahla yanaşı, başqa bir tanrımı var?
(Xeyr,) əslində onlar (Allahdan) üz döndərən və Ona şərik qoşan bir tayfadırlar". ("Nəml" 60).
İslam Peyğəmbəri (s) buyurur: "Hər kim ağac əkərsə və onu saxlamaqda səy göstərərsə ki, meyvə versin - o meyvədən əldə olunanların qarşılığında Allah yanında mükafatı olar".
O zaman ki, İmam Əli (ə) Allahdan yağış yağmasını istəyir, belə buyurur: "Allahım, öz rəhmətini bol yağışlı buludlar, çox sulu bahar və xoş mənzərəli bitkilər ilə bizə nazil et. Bizlərə iri damcılı yağış endir ki, ölüləri diriltsin və əlimizdən gedənləri bizə qaytarsın".
Bu nurani duada görünür ki, Əmirəl-möminin (ə) yağış istəməklə yanaşı, təbiətin nizamına və bitkilərin dəyişkənliyinə də işarə edir. Buyurur ki, təbiət də ölür. Ancaq o zaman ki, bahar gəlir, ölmüş təbiət tək olan Allah tərəfindən yenidən dirçəlir və çiçəklənir. Öz bəhrəsini insanlara və məxluqlara təqdim edir.
İmam Sadiq (ə) buyurur: "Sevinc on şeydədir: piyada yol getməkdə, (ata) minməkdə, üzməkdə, təbiətə nəzər salmaqda...".
Bəli, təbiət insana sevinc və şadlıq gətirir. İnsana Allahın qüdrətini nümayiş etdirir. Uca dağlar, axan şəlalələr, meşələr, düzənliklər və dənizlər insana baxdıqca, şadlıq və fərəh hissi verir və ruhunu qidalandırır. Ona görə də biz gərək bu əmanəti sonrakı nəsilə ötürə bilək və təbiətin gözəl qalması üçün hər birimiz səy göstərək.