İmam Əlinin (ə) Peyğəmbəri-Əkrəmin (s) besəti və peyğəmbərliyə seçilməsinin hikmət və hədəfi ilə bağlı belə bir kəlamı var:
فَبَعَثَ اللَّهُ تَعالى مُحَمَّداً صلى الله عليه و آله بِالْحقِّ، لِيُخْرِجَ عِبادَهُ مِنْ عِبادَةِ الْاوْثانِ الى عِبادَتِه، وَ مِنْ طاعَةِ الشَّيْطانِ الى طاعَتِه
"Allah Muhəmmədi (səlləllahu ələyhi və alihi və səlləm) haqq olaraq seçdi ki, bəndələrini bütlərə pərəstişdən çəkindirib Ona ibadət və itaətə dəvət etsin. Şeytanın ardınca getməyi qadağan edərək Ona itaətə yönəltsin." ("Nəhcül-bəlağə", xütbə 147.)
Müxtəlif ayə və rəvayətlərdə ilahi peyğəmbərlərin peyğəmbərliyə seçilməsinin mühüm hədəflərindən söz açılmışdır. Verilən hədisdə isə onun iki mühüm hədəfi vurğulanır ki, ayələrdə də ona işarə olunmuşdur:
1. İnsanları bütlərə pərəstişdən çəkindirib yeganə Allahın ibadət və itaətinə yönəltmək;
2. İnsanları şeytana itaətdən çəkindirib Yaradan Allahın itaətinə dəvət etmək.
Diqqət yetirmək lazımdır ki, birinci hədəflə bağlı hədisdə işlənən "əvsan" sözü geniş mənada büt mənasını daşıyır. Buna əsasən, İslam Peyğəmbərinin (s) zühuru və misilsiz zəhmətləri sayəsində zahirdə bütpərəstliyə son qoyuldu.
Amma İslam mədəniyyətində insanı Allahdan yayındırıb özünə cəlb edən hər bir şeyin büt hesab edilməsinə diqqət yetirdikdə, çağdaş dünyamızda onun digər növləri ilə üzləşirik! Odur ki, onları camaata aşılamalı və yeganə Allahın itaətinə dəvət etməliyik. İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisdə oxuyuruq:
يَأْتى عَلَى النَّاسِ زَمانٌ بُطُونُهُمْ آلِهَتُهُمْ، وَ نِساؤُهُمْ قِبْلَتُهُمْ، وَ دَنا نيرُهُمْ دينُهُمْ، وَ شَرَفُهُمْ مَتاعُهُمْ، وَ لايَبْقى مِنَ الْايمانِ الّا اسْمُهُ
"Bir zaman gələcək ki, insanların qarınları tanrıları, qadınları qiblələri, pulları dinləri və şərəfləri matahları olacaq və imanın adından başqa bir şey qalmayacaqdır."
O həzrətin zamanında bütpərəstliyin aradan qaldırılmasından sonra bu sözdən təəccüblənən insanlar soruşdular:
يا رَسُولَ اللَّه! ايَعْبُدُونَ الْاصْنامَ
"Ey Allahın Rəsulu! Ola bilərmi ki, müsəlmanlar yenidən bütlərə pərəstiş etsinlər?"
Həzrət buyurdu:
نَعَمْ، كُلُّ دِرْهَمٍ عِنْدَهُمْ صَنَمٌ
"Bəli, onların bütü pul olacaq (və onları Allahdan qafil edəcək)." ("Biharul-ənvar", c.22, səh.453.)
Başqa bir hədisdə isə buyurulur: "İlk pul (dinar və dirhəm) düzəldiyi zaman şeytan çox sevindi. Onu öpüb gözünün üstünə qoydu və dedi: "Sən mənim gözümün işığısan! Bundan sonra insanlar bütə pərəstiş etməsələr də, sənə pərəstiş etsələr, qəm-qüssəm aradan qalxar!" ("Biharul-ənvar", c.70, səh.137.)
Bəli, bizim dövrümüzdə yayılan bütpərəstlik elə budur! Onun əhatəli tərifi belədir:
كُلُّما شَغَلَكَ عَنِ اللَّهِ فَهُوَ صَنَمُكَ
"Səni Allahdan yayındıran hər bir şey sənin bütündür!"
Bəzi qəlbləri yarsaq, böyük bütxananın şahidi olacağıq! O qəlb Allahın Kəbəsidir ki, onda Allahdan başqası olmasın və əgər Allahdan başqasını istəsə də, Onun razılığı istiqamətində olsun!
Peyğəmbərliyin ikinci hədəfinə gəldikdə isə, deməliyik ki, şeytanın geniş məfhumu var; çünki şeytan Allahın müqabilində tüğyan edən bir varlıq mənasındadır. Demək, Allahın müqabilində tüğyan edən hər bir varlığa itaət şeytana itaətdir. Hətta hər sözə qulaq asmaq söz sahibinə itaət sayılır. Əgər həmin söz Allahın razılığı üçündürsə, Ona ibadət, əks-təqdirdə, şeytana ibadət hesab edilir. (Bax: "Mizanul-hikmət", c.5, səh.19, fəsil 2496, hədis 11352.)