Əvvəlki fəsillərdə valideynin hüquqları barəsində söhbət olundu. Bu bəhsdə də kimlərin ata-ananın səviyyəsində olduğunu bilmək istəyirik, təki onların da qarşısında olan vəzifələrimiz barəsində səhlənkarlıq və etinasızlıq etməyək.
Müqəddəs İslam şəriətində həqiqi atadan əlavə, müəllim və qayınata da "ata" kimi təbir olunmuşdur. Həmçinin, bu müqəddəs din insana uşaqlıqda süd verən dayələrə, uşaqların təlim-tərbiyəsini öhdəsinə alan müəllimlərə, habelə ana hökmündə olan xalaya ana gözü ilə baxır və onlara ehtiram qoyulmasını tövsiyə edir.
Peyğəmbər (s) buyurur: "Ata üçdür:
1. İnsanın təvəllüdünə səbəb olan həqiqi ata;
2. Qızını insana ərə verən qayınata;
3. İnsana təlim-tərbiyəni, elm əldə etmək yolunu öyrədən müəllim."
Diqqət yetirdiyiniz kimi İslam Peyğəmbəri (s) qayınata və müəllimi ata kimi tanıtdırmış və həqiqi atanı da həmin ibarə ilə qeyd etmişdir. Bu ibarə onların danılmaz haqları və əzəmətləri nişanəsidir. Bizim cəmiyyətlərdə onlara ehtiram qoyulmasına son dərəcə səy göstərilməli, canla-başla onların ehtiramı saxlanılmalıdır.
Uzun illər boyu qızının təlim-tərbiyə, qorunub-saxlanma məsuliyyətini öhdəsinə alan, bütün problemlərlə yanaşı onu böyüdüb gözəl əxlaqi səciyyələri aşılayan ər saxlamağın yollarını, övlad tərbiyəsini ona öyrədən və bu vəsflərlə belə öz qızını sənin əqdinə keçirən, onun qəmlərində səninlə həmdəm, işlərində yoldaş edən qayınata şəksiz sənin ailəndə və həyatında şərik və təsirlidir.
Buna görə də bütün kürəkənlərin vəzifələri budur ki qayınata və qayınanasına həqiqi ata və ana gözü ilə baxsınlar, onların qədəmlərini əzizləsinlər, son dərəcə məhəbbət, atifə göstərsin və qız böyüdüb saxlamaq ruhiyyəsinin onlarda canlandırsınlar.