İmam Əli (ə) "Nəhcül-bəlağə"nin xütbələrinin birində buyurur: "Fürsətlər bulud kimi həyat üfüqündən keçər. O zaman ki, xeyir fürsətlər yaranar, qənimət bilin və ondan istifadə edin".
İmam Əlinin (ə) bu nurani kəlamından belə nəticələr çıxartmaq olar:
1. Necə ki, buludlara bir anlıq nəzər salan zaman, sabit halda dayanmış görərsən, ancaq bir neçə dədiqə keçməmiş dəyişər - fürsətlər də belədir. Əvvəl insana elə gəlir ki, sabitdir və həmişə əldə edə biləcəkdir. Ancaq elə ki, özünə gələr fürsətləri əldən verdiyini görər.
2. Necə ki, buludlar müxtəlif münasibətlər üçün olar: biri yağış yağmaq, o birisi ildırım caxmaq, biri kölgə salmaq üçün olar - fürsətlər də münasib işlər üçündür.
3. Necə ki, bəzən buludlar çəkilər və gün ərzində səmada bulud olmaz - fürsətlər də o cürdür. Əgər əldən gedərsə, uzun zaman çəkər ki, həmin fürsətləri yenidən əldə edə biləsən. Ola bilsin ki, həmin fürsətləri bir daha əldə edə bilməyəsən.
Bəs fürsətləri əldən verməyimizə nə səbəb olur?
Bəzi amillər vardır ki, insanın fürsətləri əldən verməsinə səbəb olur. O cümlədən:
1. Tənbəllik və süstlük. Tənbəllik və süstlük - xəstəliyin bir növüdür ki, insanın din və dünyasını məhv edər. Ona görə də İslam dini onu həmişə məzəmmət etmişdir.
2. Bu günün işini sabaha saxlamaq. Bu günün işini sabaha saxlamaq - fürsətləri əldən verməyin amillərindən biridir. Əmirəl-möminin (ə) tərəfdaşlarına yazdığı məktubların birində buyurur: "Ömrünün qalan hissəsində tədarük gör və demə ki, sabah və ya birigün. Həqiqətən, səndən əvvəl o kəslər həlak olub ki, arzuların və işlərini təxirə salmaqlarının üzərində dayanıblar ki, anidən Allahın əmri gəlib çatıbdır. Onlar qafil olublar".
Fürsətlərdən bəhrələnməyin ən yaxşı yolu.
1. Allah bəndəliyi.
2. Axirət işləri ilə məşğul olmaq.
3. Nəfsini hesaba çəkmək.
4. Mühüm işlərlə məşğul olmaq.
İmam Əli (ə) buyurur: "Unutma ki, sağlamlıq, güc, cavanlıq və gümrahlıqdan bəhrələnərək axirəti əldə edərsən".
Beləliklə deyə bilərik ki, bu dünyada əldə verdiyimiz hər şeyi yenidən qaytara bilərik. Ancaq ömür elə bir sərmayədir ki, əldən gedərsə bir daha onu qaytarmaq olmaz.
İnsan elə bilir ki, bu dünyada çox qalacaqdır. Ona görə də qarşısına çıxan fürsətlərin qədrini bilmir. Zamanını tələf edir. Bəlkə o zaman özünə gələr ki, artıq qocalıbdır və bir iş görməyə taqəti qalmayıbdır.
Ona görə də deyə bilərik ki, ən aqil insan o kəsdir ki, daima qarşısına çıxan fürsətləri dəyərləndirər və onu rahatlıqla əldən verməz.