Peyğəmbərdən bir örnək
Bir gün səhabələrlə söhbət zamanı Rəsulullah (Ona Allahın salamı olsun!) soruşur (Allah Rəsulu bir şeyi soruşanda öyrənmək üçün yox, öyrətmək üçün soruşardı. Soruşardı ki, cavabları alsın, yanlış varsa, düzəltsin və ən doğrunu göstərsin):
- Əgər bilsəydiniz ki, ömrünüzdən bircə saat qalıb, nə edərdiniz?
Hər kəs bir cür cavab verir:
- İnsanlarla halallaşardım.
- Alnımı səcdəyə qoyub o halımla canımı təslim edərdim.
- Borclarımı qaytarardım.
- Qəlbinə dəydiyim insanlardan halallıq alardım.
- Nəsə savab iş görməyə çalışardım....
Bəli, bu cür cavablar sıralanır. Hər kəs susur, gözlər Allah Rəsulunun mübarək çöhrəsinə dikilir. Təbəssümün, nurun əskik olmadığı o çöhrədə bir məmnunluq hissi var. Hər kəs düşünür ki, Allah Rəsulu kiminsə cavabını seçəcək və daha doğru olduğunu elan edəcək. Bəs Rəsulullah necə cavab verir, heç düşünürsünüzmü?
- Kimin əlində zəmanəti var ki, həyatından cəmi bircə saat qalmayıb?