İmam Əlinin (ə) məsum olmasına açıq-aşkar nəqli və əqli dəlillər çoxdur. Hal-hazırda qeyd edəcəyimiz "Əli haqq ilə və haqq da Əli ilədir" hədisi də İmam Əlinin (ə) məsum olmasına bir dəlildir. Çünki, bir insan həmişə haqla və haq da onunladırsa, deməli bu insan heç vaxt günah etmir.
Əgər günah etsəydi, həmişə haqq onunla və o da haqla necə ola bilərdi?! Deməli əql deyir ki, İmam Əli (ə) günah etmədiyi üçün, Həzrət Peyğəmbər (s) deyib ki, "Əli haqq ilə və haqq da Əli ilədir".
Bu barədə hədisləri mötəbər sənədləri ilə Əhli-sünnə qardaşların mənbəyindən nəql edəcəyik. Hafiz əl-Heysəmi, kitab "Məcməuz-zəvaid və mənbəul-fəvaid", hədis 12027-də nəql edir: "Əbu Səid əl-Xudri nəql edir: "Ənsar və mühacirdən ibarət olan bir dəstə ilə Peyğəmbərin (s) evinin yanında idik.
Peyğəmbər (s) bizim qarşımıza çıxıb dedi: "Sizlərin xeyirli olanınız barəsində sizə xəbər verimmi?". (Səhabələr) dedilər: "Bəli".
Peyğəmbər (s) buyurdu: "Sizin xeyirliləriniz - əhdlərinə vəfa edənlər və xoş ətirdən istifadə edənlərdir. Həqiqətən gizlində təqvaya riayət edəni Allah sevir".
Əbu Səid əl-Xudri deyir: "Bu zaman Əli ibn Əbu Talib (ə) oradan keçirdi. Peyğəmbər (s) dedi: "Haqq bununladır, haqq bununladır""".
İbn Əsakir, kitab "Tarix Mədinə və Dəməşq", hədis 19567-də nəql edir: "Səd ibn Əbu Vəqqas nəql edir: "Mən Allahın Rəsulundan (s) eşitmişəm ki, Əli (ə) barəsində belə deyib: "Harada olursa-olsun, sən haqla, haqq da səninlədir".
Müaviyə dedi: "Mənim üçün buna bir dəlil gətirməlisən".
Səd ona dedi: "Buna Peyğəmbərin (s) həyat yoldaşı Ümmü Sələmə xanım Allah Rəsulunun (s) belə dediyinə şahidlik edir".
Hamısı qalxıb Ümmü Sələmənin yanına gedib, evinə daxil oldular və dedilər: "Ey möminlərin anası! Rəsulullahın (s) adına yalan nisbət verirlər. Bax bu Səd, Peyğəmbərdən (s) bir şey nəql edir ki, biz bunu ondan (s) eşitməmişik.
Yəni, Əli (ə) üçün deyib ki: "Harada olursa-olsun, sən haqla, haqq da səninlədir".
Ümmü Sələmə xanım onlara dedi: "Rəsulullah (s) bunu Əli (ə) üçün mənim evimdə deyibdir"".
Əl-Hakim ən-Nisəburi, kitab "Əl-Mustədrək alə əs-Səhiheyn", hədis 4611-də nəql edir: "Ümrə binti Əbdur-Rəhman deyir: "Əli (ə) Bəsrəyə yola düşməmişdən qabaq Rəsulullahın (s) həyat yoldaşı Ümmü Sələmənin yanına gəldi.
Ümmü Sələmə İmam Əliyə (ə) dedi: "Get, Allah səni qorusun. And olsun Allaha ki, sən haqq iləsən və haqq da səninlədir. Əgər Allah və Onun Rəsulunun (s) yanında günah işləməkdən qorxmasaydım, mən də səninlə gələrdim.
Ancaq Rəsulullah (s) bizə evdə oturmağı və heç bir halda evdən çıxmamağı əmr etdi". Hədisdən sonra əl-Hakim və əz-Zəhəbi hədisin Buxari və Müslümün şərtinə əsasən səhih olduğunu təsdiqləyiblər.