Əbu Yəqzan Əmmar ibni Yasir Ənsi hicrətdən 57 il əvvəl Bəni-Məxzum qəbiləsində dünyaya gəlmişdi. Atası Yasir və anası Süməyyə idi Onlar İslam dininin ilk şəhidləri olmuşdur. Əmmar təxminən 48 yaşında, besətin ilk illərində İslam dinini qəbul etmişdi. Bu yolda bütün əziyyətləri çəkmişdi.
Yəmənli mühacirlərdən olduğu üçün Məkkədə tərəfdarı və ictimai dayağı yox idi. Yoxsullardan hesab edilirdi. Məkkə müşrikləri ona, Bilala müsəlman olduqları üçün işgəncə verirdilər. Bəzən onları soyundurur və Hicazın qaynar günəş şüalarının altında çınqıl daşların üzərinə yatızdırırdılar. Sonra isə onları döyürdülər.
Bəzən də poladdan olan zirehi bədənlərinə geyindirir və günəş şüalarının altında saxlayırdılar. Bəzən də böyük qaya daşlarını sinələrinin üzərinə qoyurdular. Bu yolla onları dinlərindən əl çəkdirməyə çalışırdılar. Əmmar bu işgəncələrdən sonra bir dəstə müsəlmanla yanaşı, Həbəşistana hicrət edir. Məkkədə sakitlik olandan sonra, ora geri qayıdır. Sonra isə Mədinəyə hicrət edir.
Həzrət Peyğəmbər (s) onunla Həzifə ibni Yəman arasında qardaşlıq bağı bağlayır. Əmmar Məscidun-Nəbidə fəal iş görənlərdən biri idi. Osman onu təhqir edən zaman Həzrət Peyğəmbər (s) Əmmar haqqında qeyb xəbərini buyurmuşdu: "Sən - behişt əhlindənsən. Səni zülmkarlar öldürəcəklər".
O, Bədr, Ühüd və başqa müharibələrdə Peyğəmbərlə (s) bir yerdə idi. Bu döyüşlərin hamısında öndə gedənlərdən idi.
Həzrət Peyğəmbərin (s) vəfatından sonra Salman, Əbuzər, Miqdadla bir yerdə Əhli-beyt (ə) məktəninin fəal davamçılarından idi. O, Səqifə fitnəsi ilə müxalifətlik etmiş və müxtəlif vəziyyətlərdə İmam Əlini (ə) müdafiə edirdi. İslam dinini müdafiə etmək üçün qəməri ilinin 12-də Yəmamə döyüşündə iştirak edir və bir qulağını itirir.
Əmmar bir müddət Kufənin valisi olur.
Əmmar insanları İmam Əli (ə) ilə beyət etməyə dəvət edir. O, ilk beyət edənlərdən idi. O gündən sonra hər bir yerdə İmam Əlinin (ə) yavəri və müşaviri olur. Cəməl və Siffeyn döyüşündə qılınc vurur.
37-ci hicri ilində 94 yaşında Siffeyn döyüşündə Müaviyyə (lən) ordusunun vurduğu zərbədən şəhid olur.
Əmmarın ölümü İmam Əlini (ə) çox təsirləndirir. Onun cansız bədəni qarşısında dayanıb namaz qılır və Siffeyndə də torpağa tapşırır.