İmam Hüseyn (ə) qiyamının ən mühüm meyarlarından biri bəsirət olmuşdur. Bəsirət odur ki, insan dünyada olan yaxşılıqları görməyə başlayar və onu Allahın təcəllisi hesab edər. İmam Əli (ə) buyurur: "Nə zaman bəsirət gözü kor olar, gözün görməsinin faydası olmaz".
Bəsirətli insan heç bir zaman başqalarının eybini görməyə çalışmaz, əksinə, öz eyblərini görüb, onları düzəltməyə cəhd edər. O, gözlərini nalayiq şeylərdən, qulaqlarını nalayiq sözlərdən bağlayar və qəlb gözü ilə həyata nəzər salar. Onun qəlbi Allahın hərəmi olar və qəlbində Allahdan qeyrisinə yer olmaz. (Həvzəh)
Bəs bəsirətin amilləri hansılardır?
1. İlahi nişanələr. Yer üzərində olan İlahi nişanələr - bəsirətin amillərindəndir. "Yer üzündə (onun böyüklüyü, həcmi, hərəkəti, səthinin vəziyyəti, mədənləri və dağlarında) yəqini olanlar üçün (Allahın tövhid, qüdrət, hikmət və mərhəmətinə dəlalət edən) nişanələr vardır. Həmçinin sizin öz vücudunuzda (cisminizin kəmiyyət və keyfiyyət baxımından hərəkətində, bədən üzvlərinizin quruluşunda, ruhun bədənlə əlaqəsinin necəliyində, onun bədən üzvlərinə hakim olmasında, ağılda və ruhun bir-birinə zidd sifətlərində, nəsil artımında və ictimai əlaqələrinizdə də nişanələr vardır). Belə isə məgər (həm gözünüz və həm də ürəyinizin gözü ilə) görmürsünüz?!". ("Zariyat" 20-21).
2. Axirəti düşünmək. Axirəti düşünmək bəsirətə səbəb olar. "Bizim (elmi, cismani və maddi) qüvvətlər və (maddi və mənəvi məsələlərdə) bəsirətlər sahibi olan bəndələrimiz İbrahim, İshaq və Yəqubu yada sal. Biz onları axirət evinin fikrində (qərq) olmaqdan ibarət saflıq və xalislik sifəti ilə seçdik". ("Sad" 45-46).
3. İlahi yardım. İlahi yardımlar bəsirətə səbəb olar. "Kitab əhlindən olan kafirləri (Bəni-Nəzir yəhudilərini) ilk dəfə yurdlarından çıxaran və dəstə halında sürgün etdirib evlərindən (Cəzirətül-ərəbdən) qovduran Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar da hasarlarının və qalalarının onları Allahdan (Allahın iradəsindən) saxlayacağını güman edirdilər. Amma Allah(ın iradəsi, əzabı) onlara güman etmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. (Belə ki,) onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. Ey bəsirət sahibləri! İbrət alın". ("Həşr" 2).
4. İman. "(Vəhyin gəlməsi bir müddət təxirə düşən zaman və) onlara bir ayə və nişanə gətirməyəndə "nə üçün (özündən) bir ayə və nişanə düzəldib gətirmirsən?" deyərlər. De: "Həqiqətən mən yalnız Rəbbimdən mənə gələn vəhyə tabe oluram. Bu (Qur'an) Rəbbiniz tərəfindən ayıqlıq ёmənbələridir və iman gətirən bir dəstə üçün başdan-başa hidayət və rəhmətdir". ("Əraf" 203).
5. Təqva. "Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar". ("Əraf" 201).
6. Quran. "Bu (Qur'an və şəriət) insanların bəsirət (gözüaçıqlıq) vasitələri və (yaradılışın başlanğıc və sonuna) inananlar üçün başdan-ayağa hidayət və mərhəmətdir. (Yəni onun təsiri həmin şəxslərədir)". ("Casiyə" 20).
7. Gecə və gündüzün hərəkəti. "Allah gecə-gündüzü dəyişdirir (onların birini digərinin arxasınca gətirir və yaxud birindən azaldaraq digərinə artırır). Həqiqətən bunda (bu dəyişkənlik və onun mənşəyində) bəsirət sahibləri üçün bir ibrət (və Allahın tovhid, qüdrət və hikmətinə dair bir dəlil) vardır". ("Nur" 44).
8. Yerin genişlənməsi. "Biz yeri sərdik, onda sabit və möhkəm dağlar yaratdıq və gözəl, qəlbi oxşayan bitkilərin hər sinif və cütündən bitirdik. (Allahın ayələri barəsində fikirləşməklə Ona tərəf) qayıdan hər bir bəndəyə gözüaçıqlıq və öyüd-nəsihət (amili) olması üçün (etdik bunları)". ("Qaf" 7-8).
9. Möcüzə. "Möcüzələri (Qüreyşin istədikləri möcüzələri) göndərməyə Bizə yalnız keçmişdəkilərin onları təkzib etmələri (və əzaba layiq olmaları) mane oldu (və bunlar da təbiətcə onlara oxşar olduqları üçün Biz bunlara möhlət vermək istəyirik). Və Səmud qövmünə aşkarcasına dəvə (möcüzəsi)ni verdik. Beləliklə onlar onunla (dəvəni öldürməklə ona və özlərinə) zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk". ("İsra" 59).
10. Allahı yada salmaq. "Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar". ("Əraf" 201).