Allah Təala Həzrət İbrahimi (ə) ağır və böyük imtahanlarla imtahana çəkmişdi. Lakin Həzrət İbrahim (ə) bu imtahanların çətin olmasına baxmayaraq, öz böyük vəzifəsinə əməl edərək tədbirli olmuş və şücaət nümayiş etdirmişdi.
Mərhum Səduq Həzrət İbrahimin (ə) imtahan olduğu kəlmələri bizə tanıtmışdır:
1. Yəqin. Quran bu barədə buyurur: "Beləcə İbrahimə (atasının və qövmünün azğınlıqda olmasını öyrətdiyimiz kimi Özümüzün) göylərə və yerə olan tam malikiyyət və rübubiyyətimizi (də) göstərirdik (ki, dəlilgətirmə məqamında elmli və bacarıqlı olsun) və (həmçinin) inananlardan olması üçün". ("Ənam" 75).
2. Tövhid. İbrahim (ə) aləmlərin Xaliqini tanımaqda və tövhiddə elə bir mərhələyə çatır ki, şirk edənlərin qarşısında sabit dayanır və tövhid nidasını hər yerə yayır.
3. Səbir. "Doğrudan da İbrahim çox həlim və camaata ürəyi yanan, dərindən ah çəkən və (Bizə tərəf) qayıdan idi". ("Hud" 75).
4. Şücaət. "Beləliklə (gördüyü işi boynuna yıxmaq və) bəlkə ona üz tutsunlar deyə (bircə) böyüklərindən başqa onların (bütlərin) hamısını parça-parça etdi". ("Ənbiya" 58).
5. Səxavət. "Onlar İbrahimin yanına gəlib salam verəndə o, dedi: "Salam (olsun sizə)". (Lakin öz-özlüyündə) "(bunlar) yad bir dəstədirlər" (dedi). Gizlincə ailəsinin yanına getdi və (kabab edilmiş) kök bir buzov gətirdi". ("Zariyat" 25-26).
6. Yolunu azmaqdan uzaq olan. Həzrət İbrahim deyir: "Və mən sizdən və Allahın yerinə çağırdıqlarınızdan uzaqlaşır və Rəbbimi çağırmaqda məhrum olmayacağım (və ya siz bütləri çağırmaqla bədbəxt olduğunuz kimi bədbəxtliyə düçar olmayacağım) ümidi ilə öz Rəbbimi çağırıram". ("Məryəm" 48).
7. Dəyərlərə tərəf dəvət edər. "O zaman(ı) ki, öz atasına (onun başçısı olan əmisi Azərə) dedi: Ey ata, nə üçün eşitməyən, görməyən və səndən heç bir bəlanı dəf etməyən bir şeyə (bütlərə) ibadət edirsən?!". ("Məryəm" 42).
8. Pisliyə yaxşılıqla cavab vermək. "(İbrahim onun bu hədə-qorxusuna yumşaq cavab verərək) dedi: Salam olsun sənə. Mən tezliklə öz Rəbbimdən sənin bağışlanmağını istəyəcəyəm". ("Məryəm" 47).
9. Allaha təvəkkül etmək. "Məni yaradan və daim (məişət və axirət işlərimdə) mənə doğru yol göstərən Odur". "Məni yedirdən də içirdən də Odur". "Xəstələndikdə mənə şəfa verən də Odur". ("Şuəra" 78-80).
10. Can verənə qədər müqavimət göstərmək. Atəşə atılacağını bilərək, öz dinindən və dəvətindən əl çəkmir.
11. Övladını qurban etmək. Həzrət İbrahim (ə) Allah tərəfindən övladı İsmayili (ə) qurban etməklə imtahana çəkilir və bu imtahandan başı uca çıxır.
12. Ailəsi tərəfindən. Həzrət İbrahim (ə) həyat yoldaşı və qohumları tərəfindən imtahan olunur.
13. Allaha itaətkarlığı. Həzrət İbrahim (ə) həyatı boyu çox xidmət görür və gözəl əməllər yerinə yetirir. Ancaq onları dəyərsiz və kiçik hesab edərdi. Allaha belə dua edərdi: "Məni (insanların) dirildiləcəyi gün xar etmə". ("Şuəra" 87).
14. Kamil ibadət. "De: "Həqiqətən mənim namazım, ibadət, Həcc və qurbanlığım, həyatım (bütün ömrüm) və ölümüm (ruhumun əbədi xüsusiyyətləri) aləmlərin Rəbbi olan Allaha məxsusdur (ibadətlərim Ona xatirdir və hər bir şey Onun həqiqi mülküdür)". ("Ənam" 162).
15. İlk şəxsiyyət. İbrahim (ə) gözəl əməllərdə həmişə öndə olardı. Səyid ibni Musəyyib deyir: "İbrahim (ə) ilk şəxsiyyət olmuşdur ki, layilqi şəkildə qonaq qəbul edir.
İlk kəs olmuşdur ki, xətnə etmək sünnətini yerinə yetirir. Saqqalında ağ tük görən zaman Allahdan soruşur: "Allahım, bu, nəyin nişanəsidir?". Xəbər gəlir ki, bu, vüqarın nişanəsidir. Deyir: "Allahım, mənim vüqarımı artır!". O, ilk kəs olmuşdur ki, xümsünü vermişdir. Bayraq qaldırmış və kəfən geyinməyi öyrətmişdi".