Qurd xəstəliyi uşaqlarda daha çox müşahidə olunsa da, bu xəstəlikdən böyüklər də əziyyət çəkir.
Nar qabığı
Hələ eramızdan 1500 il əvvəl çinlilər nar qabığından qurd dərmanı kimi istifadə ediblər.
Bir ədəd narın qabıqlarını xırdalayıb bir stəkan suda bişirmək lazımdır. 15-20 dəqiqə bişdikdən sonra suyunu süzüb 1 saat otuz dəqiqə ərzində 3 dəfə içmək məsləhət görülür.
Bu müddət ərzində qida qəbul etmək olmaz. Üç-dörd saat keçdikdən sonra isə bağırsaqları təmizləyən dərman qəbul etmək lazımdır.
Xalq təbabətində nar ağacının gövdə və budaqlarının qabıqlarını toz halına salaraq qurd əleyhinə dərman kimi istifadə edilir.
Zirə
Eyni miqdarda qızılçətir otunu, dağtərxununun çiçəklərini və zirə toxumlarını qarışdırın. Qarışıqdan bir xörək qaşığı götürüb bir stəkan qaynar suda bir saat dəmləyin. Gündə 3-4 dəfə bir xörək qaşığı için.
Çobanyastığı
Hərəsindən 20 qram olmaq şərtilə, aptek çobanyastığı, nanə yarpaqları, dağtərxununun çiçəkləri, acı yovşan otu və pişikotunun kökləri ilə 30 qram yerkökü toxumunu qarışdırın. Alınan qarışıqdan 2 xörək qaşığı götürüb bir stəkan qaynar suda dəmləyin. Bu çaydan gündə iki dəfə bir stəkan içmək lazımdır.
Balqabaq toxumu
Balqabaq toxumundan, xüsusilə, lentşəkilli qurdların tökülməsi üçün istifadə olunur. Üç yüz qram təzə və ya qurudulmuş balqabaq toxumunu qabıqdan təmizləyib əzmək lazımdır.
Üzərinə 50-60 ml su əlavə edin. Qarışığın dadını yaxşılaşdırmaq üçün bir çay qaşığı bal və ya mürəbbə əlavə edə bilərsiniz.
Bu qarışığı acqarına yemək məsləhətdir. Ancaq burada bir nüansa diqqət yetirin. Qarışığı bir anda deyil, qaşıq-qaşıq olmaqla bir saat ərzində qəbul edin.
Yetişməmiş qoz
Bir neçə ədəd yaşıl qozu əzin. Bir stəkan qaynar suya yarım çay qaşığı duz əlavə edin. Dörd çay qaşığı əzilmiş qozu bu suyun içərisində yarım saat saxlayın. Daha sonra suyu süzüb gün ərzində acqarına için.