Cavab: Qurani-kərimdə buyurulur: "Hər dövrün bir kitabı var. Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli Onun yanındadır" .
"Əsl kitab" kimi tərcümə olunmuş ifadə, Qurani-kərimdə "ümmül-kitab" kimi verilmişdir. "Buruc" surəsinin 22-ci ayəsində bu kitab "lövhi-məhfuz" adlandırılmışdır.
Varlıq aləminin və hadisələrin gerçəkləşməsi, iki mərhələdən keçir: Birinci mərhələdə hər şey sabitdir və hər hansı kənara çıxma halları, qeyri-mümkündür. Bu birinci mərhələ lövhi-məhfuza aiddir. İkinci qeyri-sabit mərhələ isə, "lövhi-məhv və isbat"da öz əksini tapmışdır.
Məsələn, nəzərdə tutulur ki, insan zəhər içərsə ölər. Belə bir ölüm lövhi-məhfuzda yox, lövhi-məhv və isbatda qeyd olunmalıdır. Zəhəri təsirsizləşdirən maddənin mövcudluğu, uyğun ölümü qeyri-sabit edir. Çünki zəhər içmiş adam, həmin maddəni qəbul edərsə, ölümdən qurtular.
İstər təbiiət, istərsə də cəmiyyətdə bir-birindən doğan hadisələrlə qarşılaşırıq. Ayə və hədislərdə bir əməlin nəticəsində hansısa bir başqa hadisənin baş verəcəyi barədə xəbərdarlıqlar çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: "Ehtiyaclılara düzgün şəkildə kömək, ata-anaya yaxşılıq, hər hansı xeyir əməl bədbəxtliyi səadətə çevirər, ömürü uzadar, bəlaların qarşısını alar".
Demək, alın yazısı adlandırılan məfhum, olacaqlar barədə iki kitabda ‒ lövhi məhfuz və lövhi məhvə və isbatda yazılanlardır. Birincidə yazılanlar dəyişməz, ikincidə yazılanlar isə, dəyişgəndir.