Quran buyurur: "Həqiqətən, Qiyamət (qopacağı vaxt) barəsində elm Onun yanındadır (Qiyamətin qopacağı vaxtı yalnız O, bilir). Yağışı (göydən) O, yağdırır.
O, (balası olan canlıların) bətnlər(in)dəkini (balanın bir, ya bir neçə olmasını, gələcək xüsusiyyətlərini, ruhi vəziyyətini, gələcək əməllərini və son mənzilini) bilir.
Heç kəs sabah nə qazanacağını (nə elm, əməl və mal-dövlət əldə edəcəyini), harada öləcəyini bilməz. Həqiqətən, Allah (isə bunların hamısını) bilir və hər şeydən xəbərdardır". ("Loğman" 34).
Başqa ayədə buyurur: "Səndən Qiyamət barəsində - onun nə vaxt baş verəcəyini soruşurlar? De: "Həqiqətən onun elmi yalnız Rəbbimin yanındadır. Onu vaxtı (çata)nda yalnız O zahir edəcəkdir. (Bu hadisə) göylərdə və yerdə (onların sakinləri üçün) ağırdır.
O, sizə yalnız qəfildən gələcəkdir. Səndən, sanki sən ondan tam xəbərdarsanmış kimi soruşurlar! De: "Həqiqətən, onun elmi yalnız Allahın yanındadır, lakin insanların çoxu bilmirlər"". ("Əraf" 187).
Bu gün elm inkişaf etmişdir və yağış yağdıra, bitkiləri süni yolla cücərdə bilirlər. Ancaq bütün bunlara baxmayaraq, bəşərin elmi məhduddur. Onun Qiyamət və məaddan agahlığı yoxdur.
Bu gün havanın dərəcəsini ölçən dəqiq aparatlar kəşf olunsa da, yenə də alimlər bəzən onun dəqiqliyi barəsində qəti qərar verə bilmirlər.
Gümana söykənirlər. Ona görə də bəşər elmi nə qədər inkişaf etsə də, yenə də məhdud və natamamdır.
Sonsuz elm ancaq Allaha məxsusdur. Bu, Odur ki, hər bir şeydən, hər bir məxluqdan agahdır. Hər bir elmin açarı onun yanındadır. O, bilir ki, rəhmət və səadət nədir. O, insan bir hüceyrə halında olanda belə onun cinsindən və taleyindən xəbərdardır.
Ey kaş, bu həqiqəti maddiyyatçı alimlər də qəbul edərdilər. Onlar da Allahın varlığına inam tapardılar. Bilərdilər ki, hər şeyi maddi yolla isbat etmək olmaz. Hər şey göründüyü kimi olmaya bilər. Ondan yüksəkdə elə bir qüvvə vardır ki, onun keçmişindən, gələcəyindən və hətta əcdadlarından belə xəbərdardır.
Bilir ki, sənin sonun necə olacaqdır və hansı yol səni özünə çəkəcəkdir.
Bu dünyada olan heç kəsin öz gələcəyindən dəqiq agahlığı yoxdur. Bütün bu elmlərin açarı ancaq qadir olan Allahdadır.