Sarımsağın faydası qədim vaxtlardan insanlara məlumdur.
Qədim Yunanda və Misirdə bu tərəvəz müalicəvi vasitə kimi çox geniş istifadə olunurdu. Qədimdə bu vasitəni "kasıbarın dərmanı" adlandırırdılar.
Müasir tibb də sarımsağın faydasını inkar etmir. Müxtəlif xəstəliklər zamanı bu tərəvəzin əsasında hazırlanan müxtəlif dərman preparatları geniş istifadə olunur.
Sarımsaq müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Sarımsağın tərkibində mikroelementlər, vitaminlər, efir yağları, antioksidantlar və s. var.
- Sarımsaq qocalma prosesləri ləngidir, orqanizmi cavanlaşdırır.
- Sarımsaq təbii antiseptik vasitədir, mikrob və virus əleyhinə təsirinə malikdir. Bu tərəvəz əsl təbii "anbiotik"dir. Soyuqdəymə xəstəlikləri zamanı sarımsaq çox faydalıdır.
- Sarımsaq bağırsaqlara çox müsbət təsir edir. Burada gedən çürümə və qıcqırma proseslərlə fəal mübarizə aparır, bağırsaqlarda yaşayan ziyanlı mikroblar və bakteriyaları yox edir. Alimlər təsdiq edirlər ki, sarımsaq stafilokokk və xelikobakter pilori kimi ziyanlı bakteriyaları məhv etmək qabiliyyətinə malikdir. Nəzərinizə çatdıraq ki, xelikobakter pilori qastritin və mədə və 12 barmaq bağırsağı xora xəstrəliklərinin inkişafında əsas rol oynayır.
- Sarımsaq insan orqanimində yaşayan parazit qurdları məhv edir.
- Yağabənzər maddə olan xolesterin damarların içində yığılaraq onları daraldır, damarları daha cod edir. Bu aterosklerozdur. Ateroskleroz çox təhlükəli xəstəlikdir, infarkt, insult kimi ağır pozulmaların əsas səbəbidir.
Sarımsaq orqanizmi pis xolesterindən təmizləyir, damarlarda xolesterinin yığılmasına mane olur, damarları təmizləyir, onların elastikliyini artırır. Məhz bu səbəbdən sarımsaq əsasında hazırlanan dərman preparatları tibbdə aterosklerozun müalicəsində geniş istifadə olunur.
Sarımsağın daim qəbul edilməsi infarkt keçirmiş insanlarda təkrar infarktın inkişafı riskini xeyli azaldır.
- Sarımsaq təbii antikoaqulyantdır, qanın laxtalanma proseslərini normallaşdırır, trombların əmələ gəlməsinə mane olur. Bəzi tədqiqatlar sübut edir ki, sarımsaq hətta artıq əmələ gəlmiş trombları əridir.
- Sarımsaq ağız boşluğunun sağlamlığına müsbət təsir edir. Burada yaşayan mikrobları məhv edir, selikli qişaların immunitetini möhkəmləndirir, parodontozla (damaqların iltihabı) mübarizə edir.
- Sarımsaq immun sistemini gücləndirir.
- Alimlər sarımsağın xərçəngəleyhinə təsirini təsdiq edirlər. Sübut olunub ki, hər gün 1-2 diş sarımsaq qəbul edən insanlarda bəzi xərçəng növləri (düz bağırsaq xərçəngi, mədə xərçəngi və s.) daha az hallarda inkişaf edir.
ABŞ alimləri araşdırmalar nəticəsində belə nəticəyə gəldilər ki, sarımsağın tərkibində olan bəzi maddələr xərçəng hüceyrələrin inkişafını ləngidir, hətta onları məhv edir. Bu səbəbdən sarımsağı hətta "təbii kimyəvi terapiya" vasitəsi adlandırırlar.
- Sarımsaq arterial təzyiqi və qanda şəkərin səviyyəsini aşağı salır.
- Sarımsaq sinir hüceyrələri dağılmaqdan qoruyur, beyini cavanlaşdırır. Alimlər sarımsağı qocalıqda inkişaf edən ağıl zəifliyinin profilaktik vasitəsi hesab edirlər.
Nəzərinizə çatdıraq ki, mədə-bağırsaq sistemi kəskin xəstəlikləri və ya xroniki xəstəliklərin kəskinləşməsi zamanı sarımsaq qəbul etmək olmaz.
Sarımsaqdan fayda almaq üçün bu tərəvəzi il boyu hər gün 1-2 diş olmaqla qəbul etmək lazımdır. Marinada qoyulmuş, bişirilmə zamanı yeməklərə əlavə olunmuş sarımsaq öz faydalı xüsusiyyətlərinin bir çox hissəsini itirir. Bu səbəbdən sarımsağı çiy vəziyyətdə yemək lazımdır.