Hiperpiqmentasiya- bədənin müəyyən hissəsinin dəri örtüyünün rənginin tündləşməsini ifadə edir. Bu proses epidermis hüceyrələrində toplanan piqment vasitələrinin yüksək konsentrasiyası nəticəsində yaranır.
İnsanın dəri örtüyünün rəngi bir sıra amillərdən asılıdır: damarların qanla dolması, epidemisin qalınlığı və s. Dərinin rənginə təsir edən ən vacib amil xüsusi rəngləyici maddə - melanin piqmentidir. O, epidermis hüceyrələri - melanostitlərdə sintez olunur. Tirozin amin turşusu tirozinaza fermentinin təsirindən oksidləşərək, melanin əmələ gətirir. Melanin epidermisin xüsusi hüceyrələri - melanoforlarda toplanır. O, günəş şüalarını udmaqla orqanizmi ultrabənövşəyi və infraqırmızı şüalardan qoruyur.Beləliklə, melanin dərini yanıqlar və hipertermiyadan müdafiə edən xüsusi vasitədir. Melanin sintezi bütün orqan və sistemlərin vəhdətini təmin edən neyro-humoral mexanizm tərəfindən tənzimlənir. Funksiyalardan birinin pozulması orqanizmin disbalansına gətirib çıxarır.
Hiperpiqmentasiya problemini yalnız peşəkarcasına seçilmiş müalicə kursunun köməyilə həll etmək mümkündür. Müasir dermatokosmetologiyada melanozların müalicəsində davamlı klinik effekti ilə seçilən etibarlı və sınaqdan keçirilmiş üsullardan istifadə olunur. Bu səbəbdən hiperpiqmentasiyanın özbbaşına deyil, mütəxəsislərə müraciət etməklə aradan qaldırılması məsləhət görülür.